Bakı. Trend:
Ötürücü və paylayıcı şəbəkələrin yenilənməsi olduqca vacibdir.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
O, hazırda infrastrukturun inkişafında müəyyən maneələrin olduğunu qeyd edib:
"Çin institutları və Özbəkistanda fəaliyyət göstərən institutlarla əməkdaşlıq edirik. Bu tədqiqatlardan görürük ki, ötürücü və paylayıcı şəbəkələrin yenilənməsi olduqca vacibdir və bu məsələyə mütləq diqqət yetirilməlidir. Lakin uzunmüddətli və qısamüddətli hədəfləri, yəni “master plan”ı müəyyən etmək üçün ekspertlərimizin biliklərinin artırılması, eləcə də möhkəm elmi əsaslara sahib olmaq lazımdır. Bazarımızda fəaliyyət göstərən bütün konsaltinq şirkətləri və elmi institutlar modelləşdirmə üsullarından istifadə edərək tələb və təklif tərəfini analiz edir, şəbəkənin modelləşdirilməsi üçün isə xüsusi modellərdən yararlanırlar".
R. Hümbətova bu sahədə ekspertlərə ehtiyac olduğunu vurğulayıb: "Gənc mütəxəssislərimiz öz məlumatlarımızla işləyərək bu potensialı ölkə daxilində formalaşdırmalıdır. Bunun sayəsində uzun və qısamüddətli planlarımızı özümüz hazırlaya və qarşıya çıxan çağırışları həll edə bilərik.
Qeyd etmək istərdim ki, bu, həmçinin 2027 və 2030-cu illər üçün enerji strategiyamızın bir hissəsidir. Növbəti mərhələdə enerji sektorunda strategiyanı inkişaf etdirməyi planlaşdırırıq. Bu, panelistlərimizin də qeyd etdiyi əsaslara əsaslanacaq. Eyni zamanda, yalnız ekspert biliklərinə deyil, geotermal enerji, karbonlaşdırma və saxlama sahəsində texniki mühəndislərin də biliklərinə ehtiyacımız var".
"Bu biliklərin institutumuzda formalaşdırılması bizim üçün önəmlidir. Hesab edirik ki, “təmiz enerji planlayıcısı” bu həll yollarının hazırlanmasında bizə kömək edəcək, çünki elmi tədqiqatlarda iştirak etmək və sənayedə emissiyaların azaldılması üçün hidrogen və yaşıl hidrogen kimi texnologiyalardan istifadə etmək vacibdir. Avropa İttifaqının direktiv və tənzimləmələrinə əsasən, artıq “təmiz hidrogen” istifadə olunur.
Ölkəmizin spesifik xüsusiyyətlərini – su çatışmazlığını və bioloji müxtəlifliyi nəzərə alaraq bütün mümkün həll yollarını tətbiq etməliyik", - deyə o qeyd edib.