Bakı. Trend:
Dövlət başçıları Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın möhkəm təməlini atıb və bunu müttəfiq münasibətlər səviyyəsinə çatdırıblar.
Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezident Administrasiyasının Kommunikasiyalar departamentinin sektor müdiri Dilşod Saicanov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan –Özbəkistan Media Forumunda çıxışında deyib.
“Bugünkü vəzifəmiz bu əməkdaşlığı yeni məzmunla doldurmaq və öz əvəzolunmaz töhfəmizi verməkdir”, – deyə o qeyd edib.
Dilşod Saicanov əlavə edib ki, qarşılıqlı fəaliyyət illəri ərzində ölkələr bir-birini daha yaxşı tanıyıb, lakin əməkdaşlıq hələ ən yüksək həddinə çatmayıb.
“Azərbaycanın mürəkkəb şəraitdə əldə etdiyi təcrübəsi unikaldır. Siz formalaşdıra bildiyiniz praktik bacarıqlar və media mühiti bizim üçün çox dəyərlidir. Buna görə də Azərbaycan Media İnkişaf Agentliyi və digər həmkarlarla əməkdaşlığın daha da dərinləşdirilməsini vacib hesab edirik”, – deyə Saicanov vurğulayıb.
O, əməkdaşlığın konkret istiqamətlərini təklif edib: iki ölkənin KİV-ləri arasında müxtəlif janrda, rəqabətədavamlı və tələb olunan kontentin yaradılması üzrə təcrübə mübadiləsinin gücləndirilməsi, media sahəsində birgə tədqiqatların hazırlanması və kadr hazırlığı proqramlarının işlənib hazırlanması. “Peşəkar jurnalistlər və ekspertlər olmadan heç bir texnologiya tam gücü ilə işləyə bilməz. Azərbaycanın universitetlər və tənzimləyici qurumlarda dəyərli təcrübəsi var”, – deyə ekspert bildirib.
Prioritet istiqamətlər arasında o, ümumi tarixi və mədəni dəyərlərə həsr olunmuş, həmçinin görkəmli şəxsləri əks etdirən birgə serialların, sənədli filmlərin və multimediya layihələrinin yaradılmasını qeyd edib.
D.Saicanov bildirib ki, cəmiyyətin media maarifləndirmənin inkişafına dair tədris proqramlarının mübadiləsi həm Azərbaycan, həm də Özbəkistan üçün aktualdır. Akademik və tənzimləyici strukturlar bu istiqamətdə kontent yaradılması praktikasını formalaşdırmaq üçün səylərini birləşdirə bilərlər.