Bakı. Trend:
Bu gün informasiya sadəcə məlumat deyil. O, təsir, nəzarət və hətta silah alətinə çevrilib.
Trend xəbər verir ki, bunu Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurad Salimov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan-Özbəkistan media forumunda deyib.
O bildirib ki, məhz buna görə informasiya təhlükəsizliyinin təmin edilməsi bizim ümumi prioritetimizdir – dövlətlərin, cəmiyyətlərin və xalqların marağıdır.
“Hər bir dövlət və cəmiyyət rəqəmsal alətlərdən səmərəli istifadə edərək informasiya məkanının fəal və məsuliyyətli iştirakçısına çevrilməlidir. Yalnız bu halda rəqəmsal imkanlar dayanıqlı inkişafa və beynəlxalq həmrəyliyin möhkəmlənməsinə xidmət edə bilər”, - deyə Salimov vurğulayıb.
Onun sözlərinə görə, bu gün informasiya ən güclü resursdur. “Bizim vəzifəmiz onu qorumaq, düzgün yaymaq və xeyir naminə istifadə etməkdir. Media əməkdaşlığı vasitəsilə biz təhdidlərə effektiv reaksiya verə, dezinformasiyaya qarşı dura və media məkanında etimad mühitini formalaşdıra bilərik”, - deyə o qeyd edib.