Bakı. Trend:
Azərbaycan və Özbəkistan media sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməlidirlər, çünki bu yalnız sahənin özünə deyil, həm də siyasətə, iqtisadiyyata, mədəniyyətə və digər əməkdaşlıq istiqamətlərinə birbaşa təsir göstərir.
Bunu Trend-ə Özbəkistanın Milli Media Assosasiyasının baş direktoru Abduaziz Abutolipov “Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində verdiyi müsahibədə deyib.
“Bu gün media məkanı yalnız texnologiya deyil, eyni zamanda cəmiyyətin gələcək inkişafının meyarıdır . Biz bilirik ki, dünya saxta xəbərlər, kiberhücumlar və dezinformasiya ilə üzləşir. Heç bir dövlət bu sərhədsiz təhdidlərə təkbaşına sinə gələ bilməz. Ona görə də bu günün açar sözü – tərəfdaşlıqdır”, -deyə o bildirib.
Abutolipovun sözlərinə görə, Özbəkistan Milli Media Assosiasiyası Azərbaycan KİV-ləri ilə əməkdaşlığı gücləndirməyi planlaşdırır.
“Forum çərçivəsində əməkdaşlıq sənədlərinin imzalanmasını gözləyirik və Azərbaycanlı həmkarlarla birlikdə işləməyə hazırıq. Bu, gələcəkdə dayanıqlı inkişaf üçün əsas yaradacaq”, - deyə Abutolipov qeyd edib.
Assosiasiya rəhbəri bildirib ki, öncəlik radio stansiyaları ilə qarşılıqlı əlaqəyə aiddir: “Assosiasiyaya 19 radio kanal daxildir və onlardan doqquzunda vahid informasiya proqramı yayımlanır. Biz ora Azərbaycan xəbərlərini də əlavə etmək istəyirik. Bu, Özbəkistan vətəndaşlarının Azərbaycana dair məlumatı birbaşa əldə etməsinə imkan verəcək. Belə bir addım yalnız dövlət əlaqələrini deyil, həm də xalq diplomatiyasını gücləndirəcək”.