Bakı.Trend:
Oktyabrın 1-dən metro nəqliyyatında, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən olunub.
İctimai nəqliyyatda tarif dəyişikliyi hansı yenilikləri gözlənilən edir?
“Gedişhaqqının artırılması bütün ictimai nəqliyyatı əhatə etməyəcək. Məsələn, eyni şirkətin 10 avtobusundan yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək. Digərlərində qiymət əvvəlki ilə eyni olacaq”.
Bu fikirləri Trend-ə açıqlamasında nətliyyat eksperti Elməddin Muradlı bildirib.
Ekspert qeyd edib ki, artımın əsas məqsədi avtobus parklarının yenilənməsidir.
Təxmini belə əsaslandırılır ki, bir nəfərin Azərbaycanda ictimai nəqliyyatla daşınması 1 manatın üzərindədir. İctimai nəqliyyat dövlət dotasiyaları ilə yanaşı, əlavə maliyyələrlə də inkişaf etdirilməlidir. Düşünürəm ki, bu mərhələdəki 10 qəpiklik artım nəqliyyat infrastrukturunun inkişafına müəyyən dərəcədə dəstək olacaq.
E.Muradlı vurğulayıb ki, bundan öncəkli 10 qəpiklik artımda ictimai nəqliyyat parklarında müəyyən dərəcədə yenilənmələr oldu, sahibkarlar müəyyən qazanc əldə edib yeni avtobus ala bildilər:
"Oktyabrın 1-dən tətbiq olunacaq tarif dəyişikliyinin avtobus parklarının yenilənməsinə səbəb olacağı qənaətindəyəm".
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə qeyd edib ki, dünya ölkələrində də qiymət artımı tez-tez baş verir və bunun dəyişkən səbəbləri var:
Bu prosesi nizamlamaq üçün vətəndaşlar arasında güzəştli qruplar, pulsuz keçidlər,bilet paketi təklif olunmalıdır.
Ekspert ictimai nəqliyyatda işə düşəcək “Brutto müqavilə”nin əhəmiyyətindən də danışıb:
“Gələn il ictimai nəqliyyatda işə düşəcək “Brutto müqavilə” ilə vaxt prinsipi tətbiq olunaraq vətəndaşlar pulsuz keçidlərdən istifadəsi ilə xərclər nizamlana bilər. Məsələn, uzaq məsafədən qatarla, avtobusla gələn vətəndaş metroya və ya əksinə keçid etdiyi zaman pulsuz keçidlərlə xərclər minimumlaşa bilər”,-deyə əlavə edib.