...

COP30-da adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək - UNFCCC

Yaşıl iqtisadiyyat Materials 30 Sentyabr 2025 14:53 (UTC +04:00)
COP30-da adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək - UNFCCC
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

COP30-da adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək.

Trend xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) yüksək vəzifəli nümayəndəsi Dan İoşpe Bakı İqlim Fəaliyyəti Həftəsinin iştirakçılarına ünvanladığı video-müraciətində bildirib.

O, müraciətində vurğulayıb ki, Belendə keçiriləcək COP30-a gedən yolda əsas vəzifələr ambisiyaların praktiki təşəbbüslərlə birləşdirilməsi, həmçinin iqlim fəaliyyəti üzrə vahid qlobal gündəliyin irəlilədilməsi olacaq. İoşpenin sözlərinə görə, mövcud həllərin miqyasını genişləndirməklə yanaşı, yenilərini işləyib hazırlamaq, xüsusən də adaptasiya və dayanıqlılığa xüsusi diqqət yetirmək zəruridir.

O qeyd edib ki, 2024-cü ildə iqlim fəlakətlərindən dəymiş ziyan 320 milyard dollar təşkil edib və bu gün sual artıq adaptasiyaya investisiya edə bilib-bilməməyimiz deyil, əksinə, bunu etməməyə imkanımızın olub-olmamasıdır. Bununla belə, bütün iqlim maliyyələşməsinin 5 faizindən az hissəsi adaptasiyaya yönəldilir.

İoşpe vurğulayıb ki, COP30-da həlledici addım atılacaq – adaptasiya üzrə qlobal məqsədin indikatorları qəbul ediləcək. Bu isə irəliləyişi izləməyə və öhdəliklərin yerinə yetirilməsini nümayiş etdirməyə imkan verəcək.

Uğurlu təşəbbüslərə misal olaraq o, sahilyanı icmaların müdafiəsi üçün innovativ maliyyə və sığorta həllərinə 45,5 milyon dollar yönəldən "Ocean Risk and Resilience Action Alliance" alyansının fəaliyyətini, həmçinin "One Planet Business for Biodiversity" qlobal koalisiyasının və " Build Change" təşkilatının nailiyyətlərini göstərib.

“Qlobal dayanıqlılıq yerli icmalardan və insanların fəal iştirakından başlayır və bütün cəmiyyətin liderliyini tələb edir. Biz adaptasiya və dayanıqlılıq üzrə tədbirləri sürətləndirməli, insanı iqlim gündəliyinin mərkəzinə qoymalıyıq”,- deyə Dan İoşpe yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti