Bakı. Trend:
London məhkəməsi 47 yaşlı Çin vətəndaşı Jimin Tsianı 6,7 milyard dollar dəyərində Bitcoin oğurlamaqda və daşınmaz əmlak almaq yolu ilə Böyük Britaniyada pulları yumağa cəhddə təqsirli bilib.
Trend-in məlumatına görə, bu barədə Skotland-Yardın mətbuat xidməti xəbər yayıb.
Polisin məlumatına görə, qadından 61.000-dən çox bitkoin müsadirə edilib ki, bu da tarixdəki ən böyük kriptovalyuta müsadirəsi olub.
Müstəntiqlər hesab edirlər ki, Tsian 2014-2017-ci illər arasında iş adamları, təqaüdçülər, bank və məhkəmə işçiləri də daxil olmaqla 128 min Çin vətəndaşını aldadıb. O, oğurladığı vəsaitləri bitkoinə çevirib və saxta sənədlərlə Böyük Britaniyaya köçüb. İngiltərədə isə dəbdəbəli daşınmaz əmlak almaqla pullarını yumağı planlaşdırıb.
İddiaya görə, polis Tsianın gündəliyini tapıb, orada o, Dalay Lama tərəfindən məsh edilmiş “yenidən doğulmuş ilahə” olmaq və kraliça kimi idarə edəcəyi “Liberland” adlı bir krallıq yaratmaq istədiyini yazıb.
Çinli qadın hazırda həbsdədir, günahını etiraf edib və hökmü gözləyir.