Bakı. Trend:
ABŞ Dövlət Departamenti Avstraliyaya M142 HIMARS çoxsaylı buraxılış raket sistemlərinin (MLRS) və əlaqəli avadanlığın potensial satışını 705 milyon dollara təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi açıqlama yayıb. Agentlik hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah tədarükünə cavabdehdir.
Açıqlamada qeyd olunub ki, Avstraliya hakimiyyəti əvvəllər ABŞ-dan 48 ədəd M142 HIMARS sistemi, nəqliyyat və yükləmə maşınları, eləcə də digər avadanlıq və ehtiyat hissələrini tələb etmişdi.
ABŞ administrasiyası potensial satış barədə qərarını Konqresə çatdırıb. Qanunverici orqan bu sövdələşməni nəzərdən keçirmək və onu təsdiqləyib-təsdiqləməmək üçün 30 gün müddətinə malikdir.