Bakı. Trend:
Azərbaycanda olduğumuza görə, çox xoşbəxtik.
Trend xəbər verir ki, bunu ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednar kilsənin Bakı ofisinin açılış mərasimində bildirib.
O, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədova kilsənin tanınması və qeydiyyata alınması prosesində göstərilən dəstəyə və yardıma görə təşəkkürünü bildirib.
“Biz Rəbbi sevirik, bütün qardaş və bacılarımızı sevir və onlara xidmət edirik. Azərbaycanda olmaqdan nə qədər xoşbəxt olduğumuzu sözlə ifadə edə bilmirəm. Buna görə sizə təşəkkür edirik və bu gün bizimlə olduğunuz üçün minnətdarıq,”- deyə Deyvid Bednar qeyd edib.
Qeyd edək ki, açılış mərasimində Ramin Məmmədov, Deyvid Bednar, “Yetmişlər Kvorumu”nun üzvü və Mərkəzi Avropa Regional ofisinin birinci müşaviri Cek Cerard, “Stirling Fondu”nun prezidenti və idarə heyətinin sədri Mayls Hansen, eləcə də Mərkəzi Avropa və Avrasiya üzrə “Yetmişlər Kvorumu”nun üzvü Pol Pikard iştirak ediblər.
Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü ildə Azərbaycanda rəsmi şəkildə qeydiyyatdan keçib.
