Bakı. Trend:
Obyektiv səbəblərdən Aqrar Universitetin təcrübə torpaqlarının sahəsi xeyli azalıb. Keçmiş məcburi köçkünlər həmin ərazilərdə ev tikmişdilər. Bu, tamamilə anlaşılandır, çünki ölkə müharibə şəraitində idi və hazırda həmin torpaqların geri qaytarılması real deyil.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev parlamentin Aqrar siyasət komitəsində keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə deyib.
Millət vəkili bildirib ki, bu məsələ mütləq öz həllini tapmalıdır:
“Aqrar Universitetin təcrübə torpaqlarının azlığı burada real, praktiki işlərin aparılmasına ciddi maneə yaradır. Bu problemə kompleks yanaşılmalı və mümkün olan bütün vasitələrlə həll yolları axtarılmalıdır. Bu məsələdə biz hamımız dəstək göstərməliyik. Şükürlər olsun ki, Qarabağ və Şərqi Zəngəzur azad edilib və mən düşünürəm ki, torpaq tapa bilərik”.
Deputat vurğulayıb ki, digər mühüm strateji hədəf Aqrar Universitetin öz məhsullarını bazara çıxarması ilə bağlıdır:
“Təəssüf ki, bu günə qədər universitet olaraq bunu tam şəkildə həyata keçirə bilməmişik. Halbuki beynəlxalq təcrübəyə nəzər salsaq, bütün aparıcı aqrar universitetlərin öz brendi altında məhsul istehsal edib satışa çıxardığını görərik. Mən hesab edirəm ki, biz bunu Kənd Təsərrüfatı Nazirliyinin və hökumətin dəstəyi ilə qısa müddətdə reallaşdırmalıyıq və reallaşdıracağıq”.
N.Həmzəyevin sözlərinə görə, eyni zamanda elə bir sistem qurulmalıdır ki, müəllimlər, professorlar və dosentlər yay aylarında istirahəti düşünməsinlər, sahədə praktiki fəaliyyət barədə düşünsünlər:
“Onları sahələrə cəlb etməli, bu prosesdə maraqlı etməliyik. Sovet dövründə yetişmiş akademik və professor heyəti birbaşa kolxoz və sovxozlarda formalaşırdı. Bu gün isə açıq demək lazımdır ki, həmin şəraiti Nazirlik olaraq tam şəkildə yarada bilmirik. Müəllimlər elə gözləyirlər ki, tətil başlasın, halbuki aqrar sahədə əsas proseslər məhz həmin 3 ayda baş verir.
Bu baxımdan, mümkün olarsa, bu istiqamətdə də əlavə dəstək mexanizmləri yaradılmalıdır. Aqrar Universitetin çox güclü Məsləhət Mərkəzi mövcuddur. Əgər bu mərkəzin rəqəmsallaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə vəsait ayrılarsa, düşünürəm ki, ümumilikdə respublika üzrə kənd təsərrüfatının inkişafına ciddi töhfə vermək mümkün olar”.
