Bakı. Trend:
Bu gündən elektromobillərin idxal və satışından ƏDV tutulacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Belə ki, 2019-cu il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı, 2022-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək isə idxalı və satışı ƏDV-dən azad idi.
Qanunda bu güzəştin müddətinin uzadılması ilə bağlı hər hansı müddəa yer almayıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalı və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışı 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilib.
Bununla yanaşı, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad idi.
Qanunda bu güzəştin də müddətinin uzadılması ilə bağlı hər hansı müddəa yer almayıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
