Bakıda mina probleminin miqyasından bəhs edən “Ölümcül miras” filminin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Xəbər 2 Sentyabr 2026 21:32 (UTC +04:00)
Bakıda mina probleminin miqyasından bəhs edən “Ölümcül miras” filminin təqdimatı keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz məskunlaşma üçün qabaqcıl standartların və təcrübələrin müəyyənləşdirilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Ölümcül miras” (Deadly Legacy) sənədli filminin qapalı nümayişi keçirilib.

Bu barədə Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir.

Layihə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin dəstəyi ilə Qarabağ Dirçəliş Fondunun (QDF) sifarişi əsasında "Beach House Pictures" şirkəti tərəfindən həyata keçirilib. Faktlara əsaslanan film Azərbaycan Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə göstərdiyi səylərdən bəhs edir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina probleminin miqyasını və bu təhlükənin nəticələrini ortaya qoyur.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, dövlət qulluqçuları, ictimai xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, QDF-nin donorları və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Filmin çəkilişləri təkcə Azərbaycanda deyil, həm də Bosniya və Herseqovinada, Kolumbiyada və Laosda aparılıb. Filmin əsasını yerli və beynəlxalq ekspertlər, rəsmi şəxslərlə müsahibələr, eləcə də mina terrorundan zərər çəkmiş insanların hekayələri təşkil edir.

Tədbirin rəsmi hissəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Successful Strategies” QSC-nin icraçı direktoru və filmin icraçı prodüseri Faiq Bağırov, həmçinin filmin rejissoru Alison Ceyn Uilson çıxış ediblər.

Sənədli film mina probleminin humanitar nəticələrinə və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə həsr olunub. Film minaların mülki şəxslər, o cümlədən doğma evlərinə qayıdan keçmiş məcburi köçkünlər üçün hər gün yaratdığı ölümcül təhlükəni nümayiş etdirir.

Filmdə mina ilə çirklənmənin azad edilmiş ərazilərin genişmiqyaslı bərpası yolunda əsas maneələrdən biri olaraq qalmasına da xüsusi diqqət yetirilir. Minaların mövcudluğu tikinti, infrastruktur və yenidənqurma layihələrinin həyata keçirilməsini əhəmiyyətli dərəcədə ləngidir, bu ərazilərdə çalışan və dinc həyata qayıtmaq üçün həmin yerlərə dönən insanlar üçün daimi təhlükə yaradır.

Filmin mühüm tərkib hissələrindən biri də onun beynəlxalq mesajıdır. Azərbaycanın üzləşdiyi mina probleminin ekoloji və humanitar nəticələrinin miqyası real hekayələr vasitəsilə təqdim olunur. Film dünya ictimaiyyətinin diqqətini mina təhlükəsi probleminə cəlb etməyə və humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamağa çalışır.

Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra mina hadisələri nəticəsində 437 Azərbaycan vətəndaşı, o cümlədən mülki şəxslər, hərbi qulluqçular, minatəmizləyənlər, jurnalistlər və bərpa işlərində iştirak edən şəxslər zərər çəkib. Bu hadisələr nəticəsində 73 nəfər həlak olub, 364 nəfər isə ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3500-dən çox vətəndaşımız minalardan zərər çəkib.

Təqdimat çərçivəsində qonaqlara Qarabağ Dirçəliş Fondunun sifarişi ilə hazırlanan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının tarixi” kitabı da təqdim edilib. Kitabın müəllifi Azərbaycan reallıqlarını yaxşı bilən tanınmış britaniyalı yazıçı Qrem Uilsondur. 500 səhifəlik nəşr münaqişə dövründən Qarabağın müasir bərpa prosesinədək olan dövrü əhatə edir. Analitik yanaşması, zəngin foto materialları və interaktiv rəqəmsal materialları sayəsində kitab Qarabağın dirçəlişi tarixinin dəyərli salnaməsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti