Aprelin 13-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Xızı rayon Polis Şöbəsində (RPŞ) müəmmalı şəkildə dünyasını dəyişmiş vətəndaş Namiq Zeybulla oğlu Məmmədovun ölüm faktı ilə əlaqədar baş prokurora və daxili işlər nazirinə müraciət edib. Trend in xəbərinə görə, bu barədə Ombudsman Aparatından məlumat verilib.
E.Süleymanova mərhumun ailəsəi ilə görüşüb və ona bildirilib ki, 3 aprel 2006-ci il tarixdə səhət saat 9-da Namiq və Nazim Məmmədovlar oğurluq faktında şübhəli bilinərək Xızı rayon Polis Şöbəsinə aparılıblar. Aprelin 4-də saat 18.00 radələrində RPŞ-nin müvəqqəti saxlama təcridxanasında (MST) infakrtdan ölməsi barədə məlumat alıblar. Nazim Məmmədov RPŞ-yə gələrkən ona qardaşının öz maykası ilə özünü asdığı barədə məlumat verilib.
Ombudsman və əməkdaşları məsələnin araşdırılması ilə bağlı Xızı RPŞ-də olub. RPŞ rəisi və əməkdaşları Ombudsmana məlumat veriblər ki, oğurluq faktı üzrə protokol əsasında şübhəli şəxs qismində saxlanılan Namiq Məmmədov aprelin 4-də MST-də çarpayının üst qatından öz maykası ilə özünü asıb.
Sonra Ombudsman istintaqın aparıldığı Siyəzən rayon Prokurorluğunda olub. Rayon prokuroru bu faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
E.Süleymanova Baş prokurora və daxili işlər nazirinə etdiyi müraciətlərdə cinayət işinin nəzarətdə saxlanılmasını, faktın ədalətlə, obyektiv, tam təfərrüatı ilə araşdırılmasını, işgəncə faktı təsdiqləndiyi halda günahkar şəxslər barədə ciddi tədbir görülməsini xahiş edib.