Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koç İrana səfəri çərçivəsində Cənubi Azərbaycanın yaşayış məntəqələrinə baş çəkib. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi, səfərin ikinci günü A.Koç Təbrizdə Qaraqoyunlu sülaləsinin hakimiyyəti dövründə inşa edilmiş məşhur "Göy mədrəsə"də olub.
Türkiyəli nazir Azərbaycan muzeyinə, Şairlər memorialına, o cümlədən Təbrizin mərkəzi bazarına da baş çəkib. Daha sonra o, ostan rəhbəri Məhəmməd Mimarzadə ilə görüşüb.
"Təbriz təkcə tarixi keçmişi ilə deyil, həm də burada 6 universitetin fəaliyyəti ilə Türkiyənin diqqətini cəlb edir", - deyə nazir qeyd edib. O, ali təhsil məktəbləri arasında əməkdaşlığın qurulması ilə bağlı Ankaranın istəyini vurğulayıb. Onun sözlərinə görə, Təbriz universitetinin türk dili və ədəbiyyatı fakultəsi ilə sıx əlaqələrin qurulması bu istiqamətdə başlanğıc olacaq.