İyulun 3-də kanadalı jurnalistlər Azərbaycana səfərə gələcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.
Azərbaycanın Kanadadakı səfirliyi həmin dövlətdə Azərbaycan haqqında təbliğatın gücləndirilməsi, hər iki tərəfin kütləvi informasiya vasitələri ilə əlaqələrinin genişləndirilməsi üçün bir qrup kanadalı jurnalistin Bakıya səfərini təşkil etmək niyyətindədir. Azərbaycan Xarici İşlər Nazirliyindən Mətbuat Şurasına bildirilib ki, səfər iyulun 3-dən 9-dək olacaq və üç nəfər kanadalı jurnalistin seçilib.
həmin jurnalistlərdən biri Skott Taylor "Esprit de Corps: Canadian Militaru" jurnalının redaktoru, İraq türkləri haqqında kitabın, İraq və Əfqanıstanda baş verən hadisələrlə bağlı televiziya şərhlərinin müəllifidir. O, İraqda olarkən "Al-Ansar" terrorçuları tərəfindən dirov götürülüb və Türkiyənin vasitəçiliyi ilə azadlığa buraxılıb. S.Teylor bu günlərdə erməni soyqırımı ilə bağlı məqaləsində Kanadanın baş naziri Stephen Harperin ermənipərəst mövqeyini tənqid edib. Digər jurnalist Kristian Gravenor "Monreal Mirror" qəzetinin əməkdaşıdır, əsasən mədəniyyət və turizm haqqında məqalələrin müəllifidir. Charles Enman isə "Ottawa Citizen" qəzetinin əməkdaşıdır.
Səfər çərçivəsində tədbirlərin, diskussiya və müsahibələrin təşkili nəzərdə tutulub. Toplanmış materiallar qonaq jurnalistlərin gələcək yazıların leytmotivini təşkil edəcək. Bu sırada müasir Azərbaycan mediasının durumunu, spesifik xüsusiyyətlərini, iki ölkənin mediası arasındakı əlaqələrin yaradılması məsələlərin müzakirə edilməsi üçün Mətbuat Şurası rəhbərliyi ilə də görüş keçiriləcək.