İyunun 30-da Tiflisdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası ilə Gürcü və Azərbaycanlı Müstəqil Jurnalistlər Assosiasiyasının birləşdirici konfransı keçirilib.
33 nəfər azərbaycanlı jurnalistin iştirak etdiyi konfransda hər iki təşkilatın birləşdirilməsi qərarı alınıb. Trend in xəbər verdiyi kimi, yeni təşkilat Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası (GAJF) adlandırılıb.
Bakıda siyasi mühacirətdə olan tanınmış Gürcüstan jurnalisti Niyazi Hüseynov GAJF-ın sədri seçilib. Həmçinin, 5 nəfərdən ibarət GAJF idarə heyəti də formalaşdırılıb.
Hazırda əsassız olaraq həbsdə olan "Yeni Düşüncə" qəzetinin əməkdaşı Qacar Hüseynov da GAJF idarə heyətinin tərkibinə daxil edilib.
Qeyd edək ki, Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyası 16 avqust 2001-ci ildən, Gürcü və Azərbaycanlı Müstəqil Jurnalistlər Assosiasiyası isə 30 dekabr 2003-cü ildən fəaliyyət göstərirdi.