...

Bakı Dövlət Sirki heç bir ölkədə qastrol səfərində deyil

Cəmiyyət Materials 3 Avqust 2006 17:48 (UTC +04:00)

"Bakı Dövlət Sirkinin Türkiyədə qastrolda olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bu fikirləri Trend ə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bildirib.

Qeyd edək ki, Türkiyənin bəzi KİV-ləri Azərbaycan Dövlət Sirki truppasının bu ölkədə qastrol səfərində olması və bir neçə şəhərlərdə proqramla çıxış edəcəyi barədə məlumat yayıblar.

Mahir Hümbətov bu məlumatı təkzib edərək bildirib ki, Bakı Dövlət Sirki heç bir ölkədə səfərdə deyil: "Əvvəla, məlumatlarda deyildiyi kimi, Azərbaycan Dövlət Sirki yox, rəsmən adı Bakı Dövlət Sirkidir. Bundan başqa Azərbaycanda nə dövlət, nə də özəl sirk yoxdur. Bakı Dövlət Sirkinin milli kollektivi hələ yaradılmadığı üçün xarici səfərlərdə olması da mümkün deyil. Ola bilər ki, kimsə fərdi qaydada hansısa ölkədə qastrol səfərindədir. Çünki aktyorların ayrı-ayrı firmaların, hüquqi və fiziki şəxslərin dəvəti ilə müqavilələr əsasında başqa ölkələrdə fəaliyyət göstərməsi mümkündür. Amma söhbət truppadan gedirsə, Türkiyədə səfərdə olan truppanın Bakı Dövlət Sirkinə aidiyyatı yoxdur".

M.Hümbətovun sözlərinə görə, sirkin milli kollektivi keçid dövründə dağılıb. 2003-cü ildə Vaqif Bağırzadə sirkin direktoru təyin olunandan sonra o, bu məsələni qaldırıb və milli kollektivin yaradılması işlərinə başlanılıb. Hazırda isə kollektivin formalaşdırılması işləri başa çatmaq üzrədir. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, 2006-2007-ci il mövsümü üçün milli kollektivin ilk çıxışı gözlənilir və bu proqram Bakıda olacaq.

Xəbər lenti

Xəbər lenti