...

Mətbuat Şurası yarım illik fəaliyyətinə dair hesabat bülleteni hazırlayacaq

Cəmiyyət Materials 14 Avqust 2006 14:04 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası son yarım il ərzində fəaliyyətinə dair hesabat bülleteni hazırlayacaq. Bu barədə Trend ə Mətbuat Şurasının (MŞ) icraçı katibi Rəhim Hüseynzadə məlumat verib.

O bildirib ki, bülleten yaxın zamanlarda hazırlanaraq KİV-lərə yayılacaq. Sənəddə Şuranın yarım il ərzində gördüyü işlər, paytaxtda və bölgələrdə keçirdiyi konfranslar, müxətlif tədbirlər, beynəlxalq görüşlər, xarici qonaqlarla aparılan mükalimələr, eyni zamanda medianın problemlərinin həlli istiqamətidə göstərilmiş səylər barədə ətraflı məlumatlar toplanacaq. İcraçı katibin sözlərinə görə, MŞ həm də dövrü nəşrlərin monitorinqini davam etdirir.

R.Hüseynzadə deyib ki, Zərdabi Mətbuat Mərkəzi də kütləvi informasiya vasitələrinin ilkin mənbədən məlumat almasının durumu ilə bağlı monitorinq aparır. Monitorinqdə KİV-lərin məlumat alarkən ilkin mənbəyə nə dərəcədə istinad etməsi, bu sahədə hansı problemlərin olması araşdırılır. Monitorinqin sonunda hesabat hazırlanacaq, həmçinin kitab çap etdiriləcək. Bu materiallarda jurnalistlərin məlumatları ilkin mənbələrə istinadən yayması, balanslı xəbərlər verməsi, rəsmi mənbələrdən məlumatları dəqiqləşdirməsi, hadisələrə qarşılıqlı şəkildə rəylər alınması kimi məsələlər, həmçinin bu sahədəki mövcud problemlər əksini tapacaq, təhlil ediləcək.

R.Hüseynzadənin sözlərinə görə, KİV-lərin ilk mənbədən məlumat almasının vəziyyətinə dair sentyabrda tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti