Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ətraf mühitin mühafizəsi haqqında" qanuna əsasən 8 akt və 3 protokol tərtib edərək reydlər keçirib. Trend nazirliyə istinadən xəbər verir ki, o cümlədən, bəzi çatışmazlıqların aradan qaldırılması üzrə 2 göstəriş verilib.
4 hüquqi şəxs 286 manat həcmində cərimə olunub, bunun 231 manatı ödənilib. Su ehtiyatlarının mühafizəsi üzrə A.Şəfiyeva 55 manat, havanın mühafizəsi haqqında qanun pozuntusu faktı üzrə "Azərbaycan İES" MMC-nin direktoru B.Nəcməddinov 110 manat, "Elçin" firmasının direktoru Ş.Mustafayev - 55 manat, ətraf mühitin mühafizəsi haqqında qanun pozuntusuna görə "Azərbaycan İES" MMC-nin sex rəisi Q.Qasımov 66 manat həcmində cərimə olunub.
Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli fərmanına əsasən müəssisələrə 855 manat həcmində məbləğin ödənilməsi haqqında 34 tələb verilib və ötən aylarda ödənilməyən məbləğlər də daxil olmaqla, Ehtiyat Fonduna 1110 manat, o cümlədən "Yevlax Qida" - 56 manat, "Ağdaş Su Təsərrüfatı" - 30 manat, "Azərbaycan İES" - 64 manat, "AZALAQRO"- 40 manat, "Yevlax Kommunal" - 24 manat, "Ağdaş Pambıq" - 50 manat ödəyib.