Azərbaycanda qadınların həbsxanaya düşməsinin əsas səbəbi onların zorakılığa məruz qalmasnıdan irəli gəlir. Trend in xəbərinə görə, bu barədə noyabrın 3-də keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova məlumat verib.
G.Məmmədova bildirib ki, hazırda cəzaçəkmə müəssisəsində 264 qadın cəza çəkir ki, onların 80 faizi ailə zorakılığına mərzu qalmaları nəticəsində ağır cinayətlər törətdiklərini bildiriblər.
"Acınacaqlı haldır ki, bizim qadınlarımız ailə zorakılığına məruz qalması barədə heç bir müvafiq orqana müraciət edə bilmir, çıxış yolunu ya özünə, ya da onu zorakılığna məruz qoyan şəxsə qəsd etmək məcburiyyətində qalır. Nəticədə də məhkum qadın adını üzərinə götürməli olur" - deyə G.Mədətova söyləyib.
Sonra Məcburi Köçkün Qadınların Milli Şəbəkəsi tərəfindən həyata keçirilmiş Füzuli, Ağdam və Gəncədə qadınlara qarşı zorakılıq və erkən nikah hallarına dair ictimai dinləmələr barədə məlumat verilib. Bildirilib ki, UNİFEM-in "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsinin dəstəyi ilə həyata keçirilmiş dinləmələr zamanı regionlarda qızların erkən və qeyri-qanuni şəkildə nikaha girməsi, bu səbəbdən də həmin ailələrin qısaömürlü olması əsas problemlərdən biridir.
Layihənin Azərbaycan üzrə əlaqələndiricisi Gülşən Paşayeva qeyd edib ki, bu problemin aradan qaldırılması üçün Ailə, Qadın və Uşaq Dövlət Komitəsinə müraciət edilib.