Azərbaycan milli ordusunun zabiti, Budapeşt məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovla bağlı bütün məhkəmə instansiyalarının qərarları çıxarıldıqdan sonra onun Azərbaycana verilməsi məsələsinə baxıla bilər. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Macarıstanın Konstitusiya Məhkəməsinin hakimi Andraş Braqyova məlumat verib.
O bildirib ki, Ramil Səfərov mövzusu Macarıstan mətbuatının ən geniş yer verdiyi bir mövzudur. Hakim həmçinin qeyd edib ki, Macarıstanın ali məhkəmə orqanları Ramil Səfərovla bağlı qərar çıxararkən onu cinayət törətməyə sövq edən səbəblərin adi səbəb olmadığını mütləq nəzərə almalıdır. "Ümid edirəm ki, hakimlərimiz qərar çıxararkən bu məsələyə diqqət yetirəcək" - deyə Andraş Braqyova bildirib.
Hakim Ramil Səfərovla bağlı ilkin məhkəmə instansiyasının qərar çıxararkən erməni lobbisinin təzyiqi altına düşüb-düşməməsinə münasibət bildirib: "İnanmıram ki, Maracıstan məhkəmələri qərar çıxararkən erməni diasporunun, yaxud da erməni lobbisinin təzyiqi ilə hərəkət etsin" - dleyə o qeyd edib.