...

Cavad Derəxti: "Azərbaycan və Türkiyənin ortaq maraqlarının qorunması ilə bağlı İstaybulda DAK-ın konfransı keçiriləcək"

Cəmiyyət Materials 16 Noyabr 2006 12:46 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxtinin və qurumun rəhbərliyinə daxil olan şəxslərin noyabrın 26-da Türkiyəyə səfəri başlayır. Bu barədə Trend ə Cavad Derəxti məlumat verib.

O bildirib ki, DAK rəhbərləri noyabrın 26-da Türkiyəyə gedəcək. Ertəsi gün -noyabrın 27-də ulu öndər Atatürkün məzarı ziyarət ediləcək, Ankarada müxtəlif təşkilatlarla, dövlət qurumları ilə görüşlər keçiriləcək. C.Derəxtinin sözlərinə görə, bu səfərdə DAK-ın məqsədi Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın ortaq maraqlarının qorunmasına çalışmaq, xaricdə yaşayan bütün Türkiyə və Azərbaycan türkləri arasında əməkdaşlığı, işbirliyini genişləndirməkdir.

"DAK qardaş Türkiyə Cümhuriyyəti ilə olan isti münasibətlərini heç bir zaman kəsməyib və bu gün də davam etdirməkdədir. Biz Türkiyənin qarşılaşdığı daxili və xarici problemlərlə bağlı daim bu ölkəni dəstəkləmişik. Özəlliklə də terror və ermənilər tərəfindən iddia edilən qondarma "erməni soyqırımı" məsələsində Türkiyə Cümhuriyyətinin haqlı mövqeyini dəstəkləyirik. DAK Fransa parlamentinin qondarma soyqırımla bağlı qəbul etdiyi qərarı qınayır və buna etiraz edir"-deyə C.Derəxti vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Parisdə etiraz mitinqinin keçirilməsi məsələsi hələ də gündəmdədir. C.Derəxtinin Türkiyəyə səfərində də bu məsələlər müxtəlif dairələrdə müzakirə olunacaq.

C.Derəxti əlavə edib ki, səfər çərçivəsində DAK dekabrın 1-də İstanbulda "Kumburgaz Princess Hotel"də saat 14:00-dan 17:00-dək konfrans keçirəcək. Bu konfransda da Azərbaycan və Türkiyənin dünyadakı mövqeyinin güclənməsi, ortaq maraqlarının qorunması, diasporlarımızın əməkdaşlığının genişləndirilməsi, ümumi maraqlarımız naminə birgə tədbirlərin keçirilməsi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. İndiyədək 8 dəfə qurultayı keçirilən bu qurumun ümumilikdə 15 ölkədə təmsilçilikləri var.

Xəbər lenti

Xəbər lenti