...

Azərbaycanın Rusiyadakı səfirliyində Nazim İbrahimov diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb

Cəmiyyət Materials 11 Dekabr 2006 15:52 (UTC +04:00)

Dekabrın 10-da Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Moskvaya səfəri çərçivəsində Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkədə olan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri ilə görüş keçirib.

Trend in müxbiri xəbər verir ki, Moskvadakı görüşdə Azərbaycanın Sankt-Peterburqdakı konsulu Qüdsi Osmanov da iştrak edib. Görüşü Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açaraq Rusiyada miqrasiya ilə bağlı yaranmış vəziyyət barədə bildirib ki, "Gələn il yanvar ayının 15-dən RF miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklər qüvvəyə minir. Digər tərəfdən, Rusiya hökuməti mühüm qərar qəbul edib, o baxımdan ki, ümumi miqrasiya məsələləri Rusiyanın daxili məsələsidir və tamamilə təbiidir ki, Rusiya dövləti bu sahədə öz ərazisi daxilində qayda-qanun yaratmaq niyyətindədir".

Bununla bərabər səfir qeyd edib ki, heç kəsə sirr deyil ki, Rusiyanın ərazisində çoxlu sayda Azərbaycan vətəndaşı yaşayır və işləyir, onların əksəriyyəti də ticarət sahəsində məşğuldur: "Və tamamilə təbii haldır ki, bu məsələ Azərbaycan ictimaiyyətini, dövlətimizi və ilk növbədə prezidentimizi narahat edir. Prezident Moskvaya sonuncu səfəri zamanı bu məsələləri yüksək səviyyədə müzakirə edib, bizə öz tövsiyə və tapşırıqlarını verib və Azərbaycana qayıtdıqdan dərhal sonra birbaşa bu məsələ ilə məşğul olan komissiya yaradıb".

P.Bülbüloğlu qeyd edib ki, komissiyanın əsas məqsədi - həmvətənlərimizin problemlərinin həllinə yönəlmiş iş və tədbirlər proqramını həyata keçirmək, eləcə də Azərbaycan hökumətinin Rusiyada yaşayan və işləyən həmvətənlilərimizə ayırdığı diqqət və qayğını nümayiş etdirməkdir: "Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan prezidenti hər bir həmvətənlimizlə bağlı problemə böyük diqqət ayırır. Və yaradılmış komissiyanın işi ilə əlaqədər Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri və komissiyanın üzvü Nazim İbrahimov Moskvada səfərdədir".

Bundan başqa, o, N.İbrahimovla birgə xarici işlər nazirinin müavini Qriqori Krasinlə görüşü xatırladaraq bu görüşün çox uğurlu keçidiyini vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, Moskvaya Azərbaycanın əmək və sosial inkişaf naziri Fizuli Ələkbərov və komissiyanın rəhbəri, baş nazirin müavini Yaqub Eyyubovun səfəri gözlənilir.

Ümumilikdə Azərbaycan diasporu haqqında danışaraq P.Bülbüloğlu təəssüflə bildirib: "Azərbaycan diasporu dünya miqyası nöqteyi-nəzərindən hələ formalaşmayıb, müxtəlif istiqamətlər, cəmiyyətlər və sturkutrlar mövcuddur. Bəziləri öz aralarında ümumi dil tapa bilmir, bir-biri ilə əməkdaşlıq etmək istəmirlər, bəziləri isə bir-birinə zərbə vuraraq açıq şəkildə əks qütblərdə dururlar. Bu cür problemlər başqa diasporların tərkibində də var, amma ümummilli xarakterili, Vətənlə bağlı məsələlərdə hamı birləşir. Çox təəssüf ki, biz müəyyən ciddi problemlərin həlli naminə birləşə bilmirik. Şəxsən məndə bu hal çox böyük təəssüf hissi doğurur, belə ki, ümummilli məna kəsb edən çox ciddi məsələlər real olaraq mövcuddur. Lakin Azərbaycan dövləti var və onun imici var. Kimsə kiminsə xoşuna gəlməyə bilər, bir yerdə çay içməsin, bir yerdə biznes qurmasın. Lakin ümummilli xarakterli məsələlərdə biz bir yumruq kimi birləşməli və bir nöqtəyə vurmalıyıq. Şəxsən mənim belə mövqeyim var və kim ki, bu mövqe ilə razılaşıb işləmək istəyir, buyursun, səfirliyimizin qapıları bu şəxslərin üzünə həmişə açıqdır".

P.Bülbüloğlu həmçinin qeyd edib ki, onun Rusiyada Azərbaycanın səfiri olduğu 8-9 ay ərzində Rusiya prezidenti Azərbaycanda 2 rəsmi və 2 işçi səfərdə olub, Azərbaycan prezidenti də Moskvada olub. O bildirib: "Səfirliyin çox siyasi və təşkilati işləri var. Azərbaycanın nazir və yüksək səhahiyyətli məmurları çox tez-tez Rusiyada olurlar, o cümlədən Rusiyada keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün. Lakin əsas məsələ odur ki, biz Rusiyada baş verən proseslərə düzgün yanaşmalı və bu proseslərdə doğru istiqaəmətləri seçməliyik. Biz insan haqları nöqteyi-nəzərindən həmvətənlərimizin hüquqlarını qorumalı və bu istiqamətdə əlimizdən gələni etməliyik".

Dövlət Komitəsinin rəhbəri N.İbrahimov qeyd edib ki, Azərbaycan rəhbərliyinin əsas diqqəti Rusiyada yaşayan azərbaycanlılara yönəlib. O bildirib: "Rusiyada yaşayn həmvətənlərimizin müəyyən problemlərlə üzləşdiyini bilərək həmin problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atırıq".

N.İbrahimov P.Bülbüloğlunun fikri ilə razılaşdığını bildirib. O qeyd edib ki, diaspor daxilində, başqa diasporlarda olduğu kimi, həqiqətən fikir ayrılıqları var. Bu dünya praktikasında məlum haldır. O deyib: "Hardasa bu daha geniş xarakter alıb. Bir misal çəkim, ABŞ-da, Kaliforniyada, Los-Anceles ştatında 1500 erməni təşkilatı fəaliyyət göstərir. Lakin ümummili xarakterli məsələlərdə onlar hamısı bir nöqtəyə vurur. Bizdə də azərbaycanlıların iri ictimai təşkilatlarının yaradılması və möhkəmləndirilməsi üçün dövlət siyasəti həyata keçirilir. Bizim konkret bir məqsədimiz var, mən onu həmişə deyirəm - əgər iki Azərbaycan diaspor təşkilatının birləşməsi və ya birgə fəaliyyəti mümkün deyilsə, əgər bu təşkilatlardan hər biri ayrılıqda Azərbaycanın və Azərbaycan xalqının maraqları naminə ideyada birləşirsə, onların bir araya gəlməsinə ehtiyac yoxdur. Bu, bizim apardığımız siyasətdə yeni mərhələdir və mən istəyirəm ki, bunu hamınız biləsiniz".

Rusiya barədə fikir bildirərkən N.İbrahimov əminliyini bildirib ki, azərbaycanlıların öz sözünü demək və öz mövqelərindən çıxış etmək vaxtı çatıb. O deyib: "Lakin əgər burda da biz bir-birimizdən xəbərsiz, ən pisi isə bir-birimizə qarşı fəaliyyət göstərsək, hamımız, bütün azərbaycanlılar uduzacaq. Bu, bizim üçün əlverişli deyil, belə ki, Azərbaycanın bugünkü siyasəti bütün azərbaycanlıları Rusyadan yığıb çıxartmaq deyil. Əsas məqsəd - hökumətin qərarından irəli gələn imkanlardan və əlaqələrimizdən istifadə edərək Rusiya ərazisində azərbaycanlıların leqal hüquqi durumunu təmin etməkdir. Bunun üçün nə lazımdırsa, Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək. Dövlət Komitəsindən başqa işçi qrup da yaradılıb, mən ora başçsı təyin edilmişəm və biz texniki nöqteyi-nəzərdən Dövlət Komitəsinin nəzdində yaradılmış operativ qərargahı təmin etmişik. RF xarici işlər nazirinin müavini ilə görüş zamanı mən Moskva və Rusiyanın digər regionlarında yaradılacaq operativ qərargahlar arasında telekörpülərin aparılması üçün icazə alınmasında kömək göstərmələrinin üzərində xüsusilə durdum. Bu, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin müsbət impulsu kimi qiymətləndirilə bilər. Əgər biz fəaliyyətimizi mətbuatdan gizli saxlasaq, bunu Azərbaycan-Rusiya münasibətlərnin ziyanına çevirəcək, münasibətlərə mənfi təsir göstərə biləcək, həqiqətə uyğun olmayan informasiyalar yayacaqlar. Mümkün ola bilən problemlərin aradan qaldrılıması və bütün mətbuatın şəffalığı üçün biz Azərbaycanda və Rusiyada olan qərargahlar arasında birbaşa operativ əlaqənin yaradılması istiqamətində konkret addımlar atmışıq. Hər iki ölkənin dövlət orqanları bizə bu işdə yardım edəcək. Dünən biz Azərbaycanın Rusiyadakı səfiri ilə 7 saatlıq görüş keçirmişik, daha sonra Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi, diasporumuzun nüfuzlu nümayəndələri ilə görüş geçirmişik və Rusiya hökumətinin məlum qərarı ilə bağlı Rusiyada baş verən proseslərlə əlaqədar müəyyən dərəcədə vahid bir mövqe seçməyə çalışmışıq".

Xəbər lenti

Xəbər lenti