Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) 2006-cı ilin yekunlarına dair Moskva şəhərində toplantısı olub. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov məlumat verib.
ÜAK-ın toplantısında iştirak etmiş Ş.Səlimov bildirib ki, Konqresin 2006-cı il ərzindəki fəaliyyəti, bundan sonra görüləcək işlər barədə müzakirələr aparılıb. Konqresin il ərzindəki fəaliyyəti müsbət qiymətləndirilib. Toplantıda həmçinin Rusiyada miqrasiya ilə bağlı yeni qanunun qəbulu, bununla əlaqədar bu ölkədə qeyri-leqal yaşayan soydaşlarımızın üzləşə biləcəyi problemlər də geniş müzakirə olunub. Azərbaycanlıların problemlərinin həllinə köməklik göstərilməsi iə bağlı ÜAK-ın dairələr üzrə regional təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, ÜAK-ın hər bir federal dairə üzrə regional təşkilatının rəhbəri həm də Konqresin vitse-prezidentidir. Konqresin prezidenti isə Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, həkim onkoloq Məmmədbağır Əliyevdir.