...

Geoekoloji Monitorinq Mərkəzinin direktoru: Abşeron yarımadasında klassik zəlzələlər 30 ildə bir dəfə baş verir

Cəmiyyət Materials 19 Mart 2007 13:17 (UTC +04:00)
Geoekoloji Monitorinq Mərkəzinin direktoru: Abşeron yarımadasında klassik zəlzələlər 30 ildə bir dəfə baş verir

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyevin Trend ə eksklüziv müsahibəsi

- Azərbaycanın geoekoloji durumu nə yerdədir və seysmik aktiv zonalarının vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın 3 seysmoaktiv zonası Abşeron yarımadası, Şamaxı-İsmayıllı və Mingəçevir-Şəmkir ərazilərdir. Bu zonalarda daha detallı tədqiqatlar aparılır və zəlzələlərin orta, qısa müddətli əlamətlərində baş verə biləcək dəyişikliklər müəyyən edilir. Ümumiyyətlə, Qafqazda ən aktiv zonalardan biri Azərbaycan ərazisidir. Ona görə də Azərbaycanın seysmoaktiv zonalarında lokal monitorinq sistemləri yaradılıb və geodinamik dəyişikliklər araşdırılır. Artıq ölkədə 3 lokal monitorinq mərkəzinin yaradılmasına nail olunub. Bunlardan biri əhalinin daha sıx yaşadıgı Abşeron yarımadası, ikincisi Şamaxı-İsmayıllı, üçüncüsü isə iri və strateji obyekt sayılan Mingəçevir Su Elektrik Stansiyası, Varvara, Yenikənd və Şəmkir su anbarlarının yerləşdiyi ərazilərdədir. Monitorinq sistemlərinin bu ərazilərdə quraşdırılması strateji obyektləri seysmik aktivliyin təsirindən qorumaga xidmət edir.

- Azərbaycanın seysmoaktiv zonalarında zəlzələ təhlükəliliyi necədir?

Bu gün zəlzələlərlə baglı qısa müddətli dəqiq proqnoz vermək mümkün olmasa da, geodinamik qiymətləndirmədən sonra potensial seysmik riskli zonanın ilkin proqnozu verilir. Ancaq seysmik risk zonası həmişə gözlənilən kimi güclü zəlzələ olmaya bilər. Əslində Azərbaycanın aktiv seymik zonalarında xırda təkanlar həmişə olur. Təhlillər göstərir ki, Abşeron yarımadasının şimal bölgəsində müəyyən gərginlik hiss olunur. Gərginliyin istiqaməti əks də ola bilər. Təhlükəli zonalara Mingəçevir və Şəmkir əraziləri də daxildir. Burada iri zəlzələlər baş verə bilər. Baş verə biləcək zəlzələ Mingəçevir, Yenikənd və Şəmkir su anbarları üçün təhlükə törədə bilər. Ciddi təhlükələrin baş verməməsi üçün su anbarlarının qorunması istiqamətində nazirlik bu il də müxtəlif tədbirlər görəcək.

- Seysmoaktiv zona sayılan Abşeron yarımadası və Bakıda çoxmərtəbəli binaların kütləvi tikintisi nə dərəcədə məqsədəuygundur?

- Bakı şəhərinin seysmoaktiv zonaya aid oldugu məlumdur. Bu, Azərbaycan ərazisinin ümumi seysmik rayonlaşdırma xəritəsində də əksini tapıb. Sovet dövründə tərtib olunan xəritədə Bakının ərazisi 7 ballıq zona kimi göstərilib. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş verən zəlzələdən sonra məlum oldu ki, sovet dövründə tərtib olunan xəritədəki göstəricilər real deyil. Dəyişikliklərdən sonra Bakı və Abşeron yarımadası 8 ballıq zona kimi göstərilir. Burada maksimal intensiv zəlzələnin baş verməsi 100 ildən bir olur. Ona görə də Bakıda yeni binalar tikilən zaman seysmik aktivlik və tikinti normaları nəzərə alınmalıdır. Digər tərəfdən tikinti zamanı Bakıda yeraltı suların səviyyəsinin zaman-zaman qalxması da nəzərə alınmalıdır. Çünki yeraltı suların səviyyəsi qalxan zaman çoxmərtəbəli binaların altında süxurlar parçalanmaya məruz qalır və suyun səviyyəsi enəndən sonra torpaq oturması baş verə bilər. Bu baxımdan tikinti zamanı söylənilən amillər nəzərə alınmalıdır. Mənə elə gəlir ki, şəhər bu formada yüklənməməlidir.

- İlkin təhlillər Azərbaycanda yaxın illərdə zəlzələlərin baş vermə ehtimalını ortaya qoya bilərmi?

Bu gün zəlzələlərlə baglı uzunmüddətli proqnoz qoymaq mümkündür. Abşeron yarımadası üçün deyə bilərik ki, yaxın 10 ildə bu ərazidə klassik zəlzələlərin baş vermə ehtimalı yoxdur. Burada adətən 30 ildən bir klassik zəlzələlər baş verir. Abşeron yarımadasında isə belə bir zəlzələ 2000-ci ildə olub. Ancaq Şamaxı-İsmayıllı zonasında sonuncu zəlzələdən 25 il keçib. Bu ərazilərdə geodinamik aktivlik kritik vəziyyətdə olmasa da, müəyyən geodinamik proseslər müşahidə olunur. Ona görə də burada klassik zəlzələ ola bilər.

Digər tərəfdən Gəncə seysmoaktiv zonasında zaman-zaman zəlzələlər baş verir. Bu zəlzələlərin baş verməsi onu göstərir ki, geodinamik proses baş verir. Orada da klassik zəlzələ ocaqlar var. Yəni kimsə deyə bilməz ki, Azərbaycanda yaxın illərdə klassik zəlzələlər baş verməyə bilməz. Ölkənin klassik zəlzələ ocaqlarında aktivlik müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti