...

Müstəqil Azərbaycan Universitetinin rektorunun məhkəməsi başa çatdı

Cəmiyyət Materials 20 Aprel 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Apellyasiya Məhkəməsində hakim Hüseyn Talıbovun sədrliyi ilə bu gün Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Talıbov cümə günü Trend ə bildirib ki, məhkəmə prokurorluğun apellyasiya protestini təmin etməyib və Binəqədi rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Baş Prokurorluq Mustafayev barəsində təyin olunan cəzanı yüngül hesab etdiyindən hökmün dəyişdirilməsini istəyirdi.

MAU-nun rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova, xəzinədar Şirin Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Martın 2-də Binəqədi rayon məhkəməsinin hökmü ilə Eyvazova və Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işinə xitam verilib, Mustafayev isə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Xəbər lenti

Xəbər lenti