...

Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi başlanıb – versiya 2

Cəmiyyət Materials 15 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin çərşənbə axşamı keçirilən məhkəməsində ittiham olunanın vəkilinin vəsatəti təmin olunmayıb. Hakim Tofiq Paşayevin sədrliyi ilə keçən hazırlıq iclası başlanan kimi Fərhad Əliyevin vəkili İsaxan Aşurov vəsatət qaldırıb ki, bu hakim heyətinin məhkəməyə sədrlik etməsi qanuna ziddir. Vəkil bunu onunla əsaslandırıb ki, sədr hakim Tofiq Paşayevin və digər köməkçi hakimlər Əlisultan Osmanovun, Vaqif Mursaqulovun səlahiyyət müddəti başa çatıb.

Fasilədən sonra hakim vəsatətlə bağlı qərarını elan edib. Hakim Paşayevin elan etdiyi qərarda göstrilir ki, 2004-cü ilin dekabrında qəbul edilmiş qanuna görə, 1 yanvar 2005-ci ilədək seçilmiş hakimlərin səlahiyyəti həmin vəzifəyə yeni hakimlər təyin olunana zaman bitir. Lakin hələlik yeni təyinatlar olmadığına görə əvvəlki hakimlər fəaliyyətlərini qanunla davam etdirirlər. Ona görə də indiki tərkibdə olan hakim heyətinə etiraz təmin olunmur.

Daha sonra Fərhad Əliyevin digər vəkili Ramiz Məmmədov dövlət ittihamçıları Bəşir Cəfərov və Nazir Bayramovun prosesdə dövlət ittihamçısı kimi iştirakına etirazını bildirib. Hazırda həmin etiraz məhkəmə iştirakçıları tərəfindən müzakirə olunub.

Növbəti fasilədən sonra hakim prosesin sabah saat 10.00-da daavam etdiriləcəyini elan edib.Vəkil Məmmədovun etirazına dair qərar da sabahkı prosesdə elan olunacaq.

İş üzrə təqsirləndirilən Fərdah Əliyev, Rafiq Əliyev və İqtisadi İnkişaf Nazirliyinin keçmiş əməkdaşlarından ibarət olan 17 nəfərə Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti