...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru xarici ölkələrdən siyasi sığınacaq istəyəcək

Cəmiyyət Materials 23 May 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru xarici ölkələrdən siyasi sığınacaq istəyəcək. Çərşənbə günü Trend ə məlumat verən Üzeyir Cəfərov bildirib ki, döyülməsi ilə əlaqədar qaldırılmış cinayət işinin istintaqı qeyri-obyektiv aparılır. Ona hücum edən şəxslər barəsində heç bir ölçü götürülməməsi, eləcə də cinayət işinin Yasamal Rayon Polis İdarəsinin icraatından alınıb prokurorluğa verilməsi ilə bağlı baş prokuror Zakir Qaralova ünvanladığı müraciətlə əlaqədar tədbir görülməməsindən narahat qalan şöbə redaktoru ailə üzvləri ilə birgə siyasi sığınacaq almaq üçün gələn həftə xarici dövlətlərin azərbaycandakı səfirliklərinə müraciət edəcək.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə cinayət işi açılıb. O, cinayət işinin 132-ci maddə ilə açılmasına da etiraz edir. Şöbə redaktorunun sözlərinə görə, o döyülməyib, həyatına sui-qəsd olub.

"Qarabağ gündəliyi" adlı məqaləsində Xocalıları təhqir etməkdə ittiham olunan adıçəkilən qəzetlərin baş redaktoru Eynulla Fətullayev aprelin 20-də Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin xüsusi ittiham qaydasında iddiası əsasında Bakının Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Baş redaktor məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi başlanıb. Həmin cinayət işi üzrə dünən Fətullayevin "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin redaksiyasında yerləşən ofisində, eləcə də evində qanunvericiliklə müəyyən edilmiş qaydada axtarış aparılıb.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin redaksiyası mayın 20-si axşam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən möhürlənib. Səbəb kimi qəzet redaksiyalarının yerləşdiyi binanın təhlükəsizlik standartlarına cavab verməməsi göstərilib.

"Gündəlik Azərbaycan" qəzetinin redaktoru Şahvələd Çobanoğlu bildirib ki, hər iki qəzetin və onların kollektivlərinin fəaliyyəti iflic vəziyyətə salınıb, redaksiyanın avadanlıqları müsadirə olunub, həmçinin maliyyə imkanları məhdudlaşıb, qəzetin baş redaktoru həbsdədir. Bütün bunlara görə, həmin qəzetlərin fəaliyyəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti