...

Deputat Elmira Axundova: "Keçmiş məhbusların sosial reabilitasiyası ilə məşğul olacaq xüsusi icra strukturu yaradılmalıdır"

Cəmiyyət Materials 4 İyun 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Keçmiş məhbusların sosial reabilitasiyası və adaptasiyası ilə məşğul olacaq xüsusi icra sturukturunun yaradılması vacibdir. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Elmira Axundova məlumat verib.

Axundovanın hazırladığı "Penitensiar müəssələrdə cəzaçəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında" qanun Milli Məclisdə qəbul olunub. Qanun layihəsi ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya və maddi yardımın göstərilməsini nəzərdə tutur. Keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər birdəfəlik pul veriləcək. Bu isə 400-500 manat deməkdir.

Millət vəkili qeyd edib ki, bu qanunun həyata keçirilməsində əsas şərt xüsusi qurumun yaradılmasıdır.

"Bu sturuktur ya Ədliyyə Nazirliyini, ya da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində yaradıla bilər. Bu nazirliklərin bütün rayon və şəhərlərdə filalları var. Eyni zamanda Nazirlər Kabinetinin yanında xüsusi bir qurum yaradıla bilər", -deyə deputat əlavə edib.

Onun fikrincə, bu işlə məşğul olan xüsusi qurum formalaşdırıldıqdan sonra Azərbaycanın 8-10 böyük bölgəsində sosial reablitasiya mərkəzləri yaradılmalıdır: "Kiçik bir bina ayrılsa oranın birinci mərtəbəsində işçilər, ikinci mərtəbədə isə sosial reabilitasiya keçən şəxslər yerləşdirilə bilərlər. Eyni zamanda orada yeməkxana da olmalıdır. Dünyanın əksər ölkələrində belə mərkəzlər fəaliyyət göstərir".

Axundova əlavə edib ki, pentensiar müəssələrdə cəzaçəkməkdən azad edilmiş keçmiş məhbuslar bir il müddətində sosial reablitasiya mərkəzlərində qala bilərlər. Bu müddət keçmiş məhbusun penitensiar müəssisədən azad olunduğu gündən deyil, sosial reabilitasiya mərkəzində qeydiyyata götürüldüyü gündən hesablanacaq.

Axundova vurğulayıb ki, 2008-ci ilin büdcəsindən bu məsələyə vəsait ayrılacaq və bundan sonra işə başlanılacaq. Onun fikrincə, bu işi həyata keçirmək üçün böyük məbləğdə vəsait tələb olunmur. Çünki penitensiar müəssələrdə cazaçəkməkdən azad olunmuş şəxslərin əksəriyyətinin yaşayış yerləri var, onlar öz ailələrinə qayıdırlar. Qocalar qocalar evinə, uşaqlar internatlara göndəriləcək: "Sosial reablitasiya mərkəzlərinə müraciət edənlər 15-20 faizdən çox olmayacaq. Əsas məsələ odur ki, keçmiş məhbusların taleyini həll edəcək bir qurum olacaq".

Xəbər lenti

Xəbər lenti