...

Qubada aşkarlanan insan məzarlığında araşdırmaların növbəti mərhələsinə başlanması üçün dövlət büdcəsindən vəsait ayrılıb

Cəmiyyət Materials 5 İyun 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov / Quba rayonunda aşkarlanan insan məzarlığında araşdırmaların aparılması və daha geniş ərazinin qazılaraq insan sümüklərinin axtarılması üçün dövlət büdcəsindən 93 min manat vəsait ayrılıb. Bu barədə çərşənbə axşamı Qubada keçirilən konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, araşdırmaların ikinci mərhələsinə başlanılması üçün həmin vəsait hesabına müxtəlif avadanlıqlar alınıb.

Aprelin ortalarında Quba şəhər stadionunun tikintisi zamanı kütləvi insan məzarlığı aşkarlanıb. Ekspertlər müəyyən ediblər ki, burada insanların nizamsız şəkildə dəfn olunması və digər amillər onların 1918-ci ildə ermənilərin soyqrımına məruz qaldığını sübuta yetirib.

Konfransda Quba prokuroru Kərimağa Tağıyev açıqlamasında bildirib ki, faktla bağlı hələ ki, cinayət işi açılmayıb. Buna səbəb sümüklər üzərində məhkəmə-tibbi və patoloji anatomiya ekspertizası təyin edilməməsidir. Buna baxmayaraq, məzarlıqda aşkarlanan torpaq və digər qalıqlar üzərində ekspertiza təyin edilib.

Quba rayon İcra Hakimiyyətinin başçısı Əziman Əliyev isə məzarlıqda yaxın gələcəkdə muzey tikiləcəyini bildirib. Bu barədə dövlət qarşısında vəsatət qaldırılıb.

Toplantıda AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov aparılan araşdırmalar və Quba soyqrımının tarixi barədə məlumat verib. Onun sözlərinə görə, 1918-ci ildə Qubada ermənilər 2213 azərbaycanlını qətlə yetirib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti