...

Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi: "Ermənistandan olan azərbaycanlı qaçqınların Avropa Məhkəməsinə müraciət etmələri üçün müvafiq işlər həyata keçirilir" (video)

Cəmiyyət Materials 19 İyun 2007 13:57 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi: "Ermənistandan olan azərbaycanlı qaçqınların Avropa Məhkəməsinə müraciət etmələri üçün müvafiq işlər həyata keçirilir"  (video)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistandan məcburi şəkildə köçürülən azərbaycanlı qaçqınların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri üçün müvafiq işlər həyata keçirilir. Bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ nəzərdən keçirilir.

"Vətəndaş cəmiyyətinin nümayəndələrinə müraciət edirik ki, Ermənistandan olan azərbaycanlı qaçqınların problemləri haqqında müvafiq məlumatlara malikdirlərsə, bizə müraciət etsinlər və bu istiqamətdə birgə işləyək" - deyə Əsgərov bildirib.

Onun sözlərinə görə, bu günə qədər 600 nəfərə yaxın məcburi köçkün İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. Hələlik yalnız Laçın rayonundan olan məcburi köçkünlərin şikayətinə Avropa Məhkəməsi tərəfindən baxılır. Bundan sonra digər şəxslərin də şikayətlərinə baxılacaq: "Lakin məhkəmə prosesinin nə vaxt başlayacağı məlum deyil. Bu, bir ilə də, iki ilə də ola bilər".

Azərbaycan dövlətinin Ermənistana qarşı mülki iddia qaldırmasına gəlincə, səlahiyyətli nümayəndə qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq Avropa Şurasına üzv olan hər bir ölkə digər üzv dövlətdə insan hüquqlarının pozulması halları baş verirsə və ya həmin dövlət insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyırsa, ona qarşı Avropa Məhkəməsində iddia qaldıra bilər: "Azərbaycanın Avropa Şurasına üzv olan digər dövlətə qarşı mülki iddia qaldırması mümkündür. Dağlıq Qarabağ məsələsi və qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası kompleks məsələdir. Ona görə də Azərbaycan hökuməti bu problemin həlli və qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində bütün mümkün olan variantları nəzərdən keçirir".

Azərbaycanın Ermənistanı Avorpa Məhkəməsinə verəcəyi təqdirdə bunun iki ölkə arasında aparılan danışıqlara və münaqişənin həllinə necə təsir edəcəyinə gəlincə, Əsgərov deyib ki, məhkəmənin qərarı mütləq xarakter daşıyır və hər bir dövlət üçün onun icrası məcburidir.

Xəbər lenti

Xəbər lenti