...

Bəstəkar Gövhər Həsənzadə: "Mən istəyirəm ki, mahnılarım gənc ifaçılar üçün vizit vərəqəsi olsun"

Cəmiyyət Materials 27 İyun 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /müx. "TrendLife" Vüqar Vüqarlı/ O, Şəhriyar adına Mədəniyyət Sarayının direktoru, paytaxtda kütləvi mədəniyyət tədbirlərinin təşkilatçısı və ən nəhayət bu gün Azərbaycan şou-biznesində tələb olunan bəstəkarlardan biridir. Mən onu iş vaxtı tapdım. Mahnı oxuyurdu. Məhz bu mövzuda da söhbətə başladıq.

- Bəstəkarlar pərdə arxası insanlardır. Adətən onlar müğənnilərin kölgəsi olurlar. Bəlkə belə şeylər sizi incidir, ona görə oxumaq qərarına gəlmisiniz?

- İş incitməkdə deyil. Sadəcə elə mahnılar var ki, onu səndən başqa heç kim oxuya bilmir. Mahnını hiss edə-edə oxumaq lazımdır. Bu mənim adətimə çevrilib. Əvvəlcə mahnını özüm oxuyub müğənniyə təqdim edirəm, sonradan çalışıram ki, mənim stilimdə oxusun.

- Deməli o gün yaxınlaşır ki, siz oxumağınız barədə rəsmi elan edəsiniz.

- Bəli (gülür). Mənə ən çox təsir edən odur ki, yaradıcılığımda olan mahnılar "rəflərdə" qalır. Baxmayaraq ki, ifaçılar mahnıları alırlar, amma onları oxumurlar. Mən hələ "raskrutkadan" danışmıram.

- Belə mahnılar çoxdur?

- (Fikrə gedir) Ona yaxın var.

- Bəlkə sizə məxsus beş məşhur mahnının adını deyəsiniz.

- Çalışaram. Faiq Ağayevin ifasında "Dönmə geri", Elnurun "Belə olarmı", Zülfiyyə Xanbabayevanın "Anladım sonunda", İradə İbrahimovanın "Get" və Xatirənin ifasında "Əlvida". Bunlar xalq arasında ən tanınmış mahnılarımdır.

- Siz deyirsiz ki, ifaçı sizin stili tutmalıdır. Bəzən isə müğənnilər eyni tipli mahnılardan şikayət edirlər. Sirr deyilsə bu şikayətlər sizə də aiddir?

- Mən özüm haqda belə şeylər eşitmirəm. Amma razılaşın ki, mahnıların bir-birinə oxşaması hardasa yaxşıdır. Ən qorxulusu odur ki, sənin mahnını başqa bir bəstəkarın mahnısına bənzədirlər. Qoy mənim işimi stilimə görə tanısınlar.

- Sizin daimi orenjenmançınız Yaşar Baxışdır. O da sizi eyni stildə günahlandırır. Sizin onunla bu sahədə heç probleminiz olurmu?

- Heç vaxt. O, mənim üçün ən əziz adamdır. Mən onunla heç vaxt mübahisə etmirəm. Bundan başqa, Yaşar məni materialın tranjemanında günahlandırır.

- Sizin mahnılarınızı bir çox müğənnilər ifa edir. Yəqin mahnı üçün sizə müraciət edənlərin sayı bundan da çoxdur. Bəs elə müğənnilər varmı ki, siz onlarla əməkdaşlıq etmək istəyirsiniz, lakin hansısa səbəblərə görə reallaşmayıb?

- Suala görə təşəkkür edirəm. Yeri gəlmişkən, mən onlardan üzr istəyirəm (gülür). Mən onların yanında günahkaram. Günahkaram ona görə ki, neçə vaxtdır gənc ifaçı Fuad Musayevə, super tənbəl olan Samir Cavadzadəyə mahnı söz vermişəm. Mübariz Tağıyevin qabağında da borcum var. İnanın, mənim əzizlərim, sadəcə vaxt azlığıdır. Heç cür verdiyim vədləri yerinə yetirə bilmirəm. İş ondadır ki, biz birlikdə ümumi vaxt tapa bilmirik. Çoxdandır birgə layihəmiz olan Flora və İlhamə xanımla rastlaşa bilmirəm.

- Bundan başqa sizin mahnılarınızı cəmiyyətdə bir o qədər də tanınmayan ifaçılar da oxuyurlar. Məhz bu mahnılara görə də populyarlıq qazanırlar...

- Mən özüm çox istəyirəm ki, mahnılarımı estradada ilk qədəmlərini qoyan ifaçılar oxusunlar. Mənə çox xoşdur ki, mahnılarım onlar üçün vizit vərəqəsidir. Deməli, mən boş-boşuna bəstəkarlıq çörəyimi yemirəm.

Xəbər lenti

Xəbər lenti