Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Almaliya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının cümə günü Məşvərət Şurası yaradılıb. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Şuranın yaradılması ilə bağlı Almaniyanın Mayns şəhərində keçirilən tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov çıxış edib. Azərbaycan-Almaniya münasibətlərinin müasir səviyyəsi barədə məlumat verən səfir bildirib ki, Almaniyanın Azərbaycana marağı getdikcə artır və bütün sahələrdə əməkdaşlıq genişlənir. Bu günlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Almaniya Enerji Forumu da bu münasibətlərin daha bir təzahürüdür.
Səfirin sözlərinə görə, Almaniyada diaspor təşkilatlarının Məşvərət Şurası bütün bu qurumların Azərbaycanı tanıdan və haqq səsini dünyaya çatdıra bilən vahid tədbirlər keçirməsi məqsədilə yaradılır.
Tədbirdə iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan diasporunun müasir vəziyyəti barədə çıxış edib. O qeyd edib ki, Almaniyadakı diaspor təşkilatlarımızın önəmi bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərə, həm də Almaniyada türklərin sayca çox və fəal olmalarına əsaslanır.
Məşvərət Şurasında birləşən Almaliyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə bəyanatı qəbul edilib. Bəyanatda deyilir ki, Şuranın yaradılmasının əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiya siyasətini dəstəkləmək, Azərbaycan həqiqətlərinin, o cümlədən ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırım aktları, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə məlumatların Almaniya və bütün Avropa ictimaiyyətinə çatdırılmasına yardım etmək, Azərbaycan xalqının qədim tarixi, zəngin mədəni irsinin təbliği ilə məşğul olmaqdır.
Şura altı aydan az olmamaq şərtilə toplanacaq və üzv təşkilatların növbəti toplantıya qədərki dövr ərzində həyata keçirəcəyi tədbirləri müzakirə edəcək. Quruma sədr rotasiya qaydası ilə altı ay müddətinə seçiləcək.