Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi davam edib.
İclasda əvvəlcə F.Əliyevin vəkili Elton Quliyev vəsatət qaldırıb. Vəsatət F.Əliyevin nazir işlədiyi dövrdə özəlləşdirilmiş və həmin özəlləşdirilmələrlə bağlı F.Əliyevə qarşı ittihamlar verilmiş 12 obyektin qiymətləndirilməsi ilə bağlı olub. Vəkil mübahisəli 12 obyektin F.Əliyevin nazir olduğu dövrdə və sonrakı dövrlərdə qiymətləndirilmələri arasındakı müqayisələrdən danışıb və F.Əliyevin dövründəki qiymətləndirilmələrlə bağlı sənədlərin iş materiallarına daxil edilməsini xahiş edib. Hakim vəsatətin geniş olduğunu bildirərək vəsatətlə bağlı müzakirəni iyulun 24-nə saxlayıb.
Sonra F.Əliyevin digər vəkili İsaxan Aşurov vəsatət verib. Bu vəsatət F.Əliyevin 19 oktyabr 2005-ci il tarixdə - yəni həbs olunan gün verdiyi ilkin dindirmə prtokollarının işə əlavə olunması ilə bağlı olub.
Üçüncü vəsatəti isə vəkil Yunis Vəliyev verib. Vəkil baş prokurorun işdə mülki iddiaçı qismində keçməsini qanuna zidd adlandırıb və işə mülki iddiaçı qismində Vergilər Nazirliyinin və Dövlət Əmlak Komitəsinin cəlb olunmasını xahiş edib.
Vəsatətlər müzakirə olunur.