...

Sabiq millət vəkilinin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 24 İyul 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayevin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən iclasda iş üzrə məhkəmə baxışının avqustun 2-də kecirilməsi qərara alınıb.

Məhkəmə hökmü ilə razılaşmayan Abdullayev apellyasiya şikayətində Səbail Rayon Məhkəməsinin onun barəsində qəbul etdiyi qərarın ləğv olunmasını istəyir.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan millət vəkili Abdullayev mayın 18-də Bakının Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda 132-ci maddə ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər lenti

Xəbər lenti