...

Ekspert: "Azərbaycanda tikinti sahəsində münasibətləri tənzimləyəcək qanunun qəbuluna ehtiyac var"

Cəmiyyət Materials 3 Sentyabr 2007 15:54 (UTC +04:00)
Ekspert: "Azərbaycanda tikinti sahəsində münasibətləri tənzimləyəcək qanunun qəbuluna ehtiyac var"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Yeni inşa olunan hündürmərtəbəli binalarda mənzillərin alqı-satqısı zamanı heç bir hüquqi prosedura riayət olunmur. Hüquqşünas Rəşid Hacılı bazar ertəsi Trend ə müsahibəsində bildirib ki, özülü qoyulan binalarda vətəndaşlarla formal qaydada alqı-satqı müqaviləsi bağlanır ki, bu da vətəndaşlara gələcəkdə heç bir hüquqi təminat vermir.

Hacılı hesab edir ki, dövlət bu hallarda məsələyə qarışmağa borcludur: "Tərəflər - binanın tikintisini aparan şəxslə, ev alan vətəndaşlar bir-birlərinə etibar edirlər. Vətəndaş aybaay pulu ödəyir və əvəzində çek alır. Binanı satan şəxsin həmin məbləği qaytarmaq imkanı yoxdusa, hökumət bu halda məsələyə qarışmalıdır. Binanı tikən şəxs banka pul qoymalı və bundan sonra tikintiyə başlamalıdır. Belə olan halda hansısa problem yaranarsa, vətəndaşların pulunu qaytarmaq mümkündür. Bu təminatdır və tikinti sahəsində belə bir təminat mütləq lazımdır. Hökumətin borcudur ki, belə hallarda vətəndaşlarının hüquqlarını qorusun".

Ekspertin fikrincə, qanunvericilikdə belə bir təminatın nəzərdə tutulması vacibdir. Həmçinin tikinti sahəsində vahid qanunvericilik bazasının olmaması bu sahədə münasibətlərin nizamlanmasında problemlər yaradır: "Bəzi dövlətlərdə Tikinti Məcəlləsi qəbul olunub. Tikinti üçün razılığın alınması, torpağın hazırlanması, tikintidə texniki təhlükəsizlik qaydalarının təmin olunması və digər prosedurlar bu qanunla tənzimlənir. Bizdə isə bu münasibətləri tənzimləyəcək qanunvericilik bazası yoxdu".

Vətəndaşlara kompensassiyaların ödənilməsinə gəlincə isə, Hacılı bildirib ki, məsuliyyət binanı tikən şəxslərin üzərinə düşür: "Vətəndaşlar da həmin mənzilləri heç bir hüquqi prosedur aparmadan almaqla, böyük riskə girirlər. Vətəndaşlar öz pullarını binanı tikən şəxslərdən tələb etməlidirlər. Tikintinin sahibləri vətəndaşların pulunu qaytara biləcəkmi, həmin şəxslərin başqa yerlərdə əmlakları varmı, onları aşkar etmək mümkündürmü, artıq bunlar sual altındadır". Hacılı dövlətin bu sahədə məsuliyyətinin nəzəri cəhətdən mümkünlüyünü də istisna etmir: "Dövlətin məsuliyyəti nəzəri baxımdan mümkündür. Həmin binanın tikintisinə dövlətin müvafiq qurumu icazə verib. İkinci, həmin binanın təhlükəsizliyi ilə bağlı Fövqəladə Hallar Nazirliyi razılıq veribsə və vətəndaş alıcı kimi həmin qurumlara inanırsa, bu halda vətəndaşlar dövlətə qarşı da iddia qaldıra bilərlər". Lakin ekspert Azərbaycan praktikasında belə hala rast gəlinmədiyindən, bunun reallaşacağını da mümkünsüz sayır.

Hacılı bildirib ki, qanunvericilikdə dövlət yalnız o halda məsuliyyət daşıyır ki, bina ilə bağlı qəzalar dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və hərəkətsizliyindən baş vermiş olsun.

Xəbər lenti

Xəbər lenti