...

Azərbaycanın Peşəkar Futbol Liqası 2011-ci ilin yekunlarını qiymətləndirib

İdman Materials 26 Dekabr 2011 11:43 (UTC +04:00)
Bəzi şəxslər bunu inkar etsə də, 2011-ci ildə Premyer Liqanın inkişaf etdiyinin şahidi olmuşuq. Premyer Liqa komandalarının oyununun sürətlənməsinin özü bir faktdır.
Azərbaycanın Peşəkar Futbol Liqası 2011-ci ilin yekunlarını qiymətləndirib

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir M.Əliyev/

Bəzi şəxslər bunu inkar etsə də, 2011-ci ildə Premyer Liqanın inkişaf etdiyinin şahidi olmuşuq. Premyer Liqa komandalarının oyununun sürətlənməsinin özü bir faktdır. Bunu bazar ertəsi Trend-ə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2011-ci ilin yekunlarını şərh edərkən deyib.

Musayev təəssüflə qeyd edib ki, bir sıra hallarda ölkədə insanlarda futbola həvəs oyatmaq əvəzinə, əks-təbliğat aparırlar.

PFL prezidentinin sözlərinə görə, milli komandanın Türkiyə yığması üzərində qələbəsi və bir sıra oyunlarda uğurlu nəticə qazanması futbolun inkişafının göstəricisidir. "Futbol elə bir sahədir ki, nəticə əldə edilməsi üçün vaxt tələb olunur", - o deyib.

Musayev 2011-ci ildə ötən illə müqayisədə stadionlara gələn azarkeşlərin sayının artığını da qeyd edib. "Azarkeşlər əsasən həlledici oyunlara, ilk "altılıq"dakı komandaların qarşılaşmalarına daha çox maraq göstərirlər. Əsasən regionlarda stadionlara gələnazarkeşlərin sayı artır", - PFL prezidenti qeyd edib.

Musayev hesab edir ki, "altılıq" sistemi özünü doğruldur. "Bu sistem çempionatlarda oyunun sayını artırmağa şərait yaradır. Futbolçular məhz oyunda öz bacarığını artırır, yalnız məşqlə heç bir nailiyyət əldə olunmaz. Oyunlarınn sayının çox olması futbolun inkişafına təkandır", - PFL prezidenti bildirib.

Onun sözlərinə görə, "altılıq" sistemi bir növ Avrokuboklar uğrunda yarışlara gedən komandaların daha güclü klublarla oynayaraq Avropa klubları ilə oyunlara hazır olmasına şərait yaradır.

Musayev Azərbaycan klublarının 2011-2012 mövsümündə göstərdiyi zəif nəticəyə də münasibət bildirib.

"2011-ci ildə Avrokuboklar uğrunda yarışlarda tək "Qarabağ" nəticə əldə etsə də, püşkatma amilini də nəzərə almaq lazımdır. Bəzən deyirlər ki, "Neftçi" "Dinamo" (Zaqreb) ilə mübarizə apara bilmədi. Axı Xorvatiya klubunun bir oyunçusunun qiyməti "Neftçi"nin bütün heyətinin qiymətinə bərabərdir. Komandalara daha səviyyəli oyunçular gətirməyə ehtiyac var və inanıram ki, növbəti il bunun şahidi olacağıq", - PFL prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti