...

"Qızıl Əlcək" klubunun boksçuları Azərbaycan çempionu olub

İdman Materials 1 Fevral 2012 16:52 (UTC +04:00)
Bakı şəhərində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub.
"Qızıl Əlcək" klubunun boksçuları Azərbaycan çempionu olub

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir B.Hacıyev/

Bakı şəhərində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yanvarın 24-dən 29-dək keçirilən yarışda 45 komandanın 226 idmançısı mübarizə aparıb.

Trend-in məlumatına görə, 13 çəki dərəcəsi üzrə keçirilən yarışda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin sponsorluq etdiyi "Qızıl Əlcək" idman klubunun idmançıları da iştirak ediblər. Klubun çempionata qatılan 5 idmançısından üçü medallara layiq yerlər tutublar. Onlardan Sirac Süleymanov və Orxan Əliyev çempionatın qızıl, Orxan Qədimov isə bürünc medallarına sahib çıxıblar.

İdmançılar göstərdikləri nəticələrə uyğun olaraq, Azərbaycan yığma komandasının tərkibinə daxil ediliblər. Komanda hesabında "Qızıl Əlcək" idman klubu respublika çempionatının ilk üçlüyünə daxil olub. Klubun boksçuları bu yarışlara əməkdar məşqçi, dünya çempionu Rəhim Allahverdiyevin başçılığı altında hazırlaşıblar.

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev yarışın səviyyəsindən razı qaldığını bəyan edib. "Turnirdə kütləvilik istənilən səviyyədə oldu. Ötən respublika birinciliyindən fərqli olaraq, bu dəfə turnirin gedişindən razı qaldıq. Hiss olunur ki, məşqçilər və boksçular öz üzərlərində işləyirlər", - o deyib.

Əməkdar məşqçi Rəhim Allahverdiyev yarışdan sonra jürnalistlərə verdiyi müsahibəsində yüksək nəticələr əldə etməkdə göstərdikləri maddi və mənəvi dəstəyə görə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Çempionatın qalibləri bu ilin iyununda milli komandanın tərkibində Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar. Milli komandanın tərkibində boks üzrə dünya birinciliyinə də qatılacaq idmançıların əsas hədəfi 2014-cü ildə Pekində keçiriləcək gənclər arasında olimpiya yarışlarında yüksək nəticə əldə etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti