Azərbaycan, Bakı, 27 fevral / Trend/
Azərbaycanlı gimnast Aliyə Qarayeva bu il ilk dəfə olaraq Moskvada keçirilən Qran-Pri mərhələsinin gümüş mükafatçısı olub.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın lideri finalda topla tapşırıq üzrə ikinci yerə çıxıb və bununla da Rusiyanın dünya çempionu Darya Kondakovanı yarım xal qabaqlayıb. Bu yarış üzrə qızıl mükafatı Rusiyanın digər dünya çempionu Darya Dmitriyeva qazanıb.
"Ötən turnirdə mən üç yeni tapşırığı yerinə yetirdim - halqa, top və gürzlərlə. Lentlə tapşırıqda biz az düzəliş etdik. Predmetləri yerə salmaq və azacıq kobud səhvlərin olmasına baxmayaraq, mən öz çıxışımızdan razıyam. Mən bir az öz üzərimdə işləməliyəm. Həmişə olduğu kimi, məndə diqqət çatışmır, çünki məşqlərdə məndə hər şey alınır. Lakin bunu tamaşaçıların da, hakimlərin də görməsi lazımdır. Ona görə ki, mən çıxış etməyi çox sevirəm və tamaşaçıları sevindirmək lazımdır", - Qarayeva deyib.
O qeyd edib ki, ötən illə müqayisədə özünü kifayət qədər inamlı hiss edir, həm də il onun üçün heç də pis başlamayıb. "Əlbəttə, Olimpiya mövsümündə həyəcan olur, lakin öz hisslərini cilovlamaq və çox həyəcanlanmamaq lazımdır", - idmançı deyib.
Yarışın sonunda Qarayeva Olimpiya çempionu Alina Kabayevadan artistlik məharətinə görə xüsusi mükafat da alıb.
Yeniyetmələrin beynəlxalq turnirində ən yaxşı nəticəni gimnastlarımız 14 yaşlı Nilufər Niftəliyeva göstərib. O gürzlərlə 6-cı yeri tutub. Komanda hesabında o, eləcə də Mənsurə Bağıyeva, Gülsüm Şəfizadə, Yekaterina Prokopenko Azərbaycanı 35 ölkə arasında 8-ci yerə çıxarıblar.
Azərbaycanlı gimnastlar üçün nöbvəti yarış Latviya paytaxtındakı beynəlxalq turnir olacaq. Martın 9-12-də keçiriləcək "Baltic Hoop" yarışına Aliyə Qarayeva və Lalə Yusifova yola düşəcəklər.