...

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 3 medal qazanıblar

İdman Materials 20 İyun 2012 11:29 (UTC +04:00)
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçirilir.
Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 3 medal qazanıblar

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, çempionatın proqramına əsasən, iyunun 19-da sərbəst güləş üzrə 4 çəki dərəcəsində ən güclülər müəyyənləşib. Yığmamız çempionatın ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib.

60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanaraq Avropa çempionu adına layiq görülüb. Təmsilçimiz qələbəyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçilərini məğlubiyyətə uğradıb.

74 kq çəkidə Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc mükafatını qazanıblar. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşviliyə qalib gəliblər.

Bu gün gənclərin Avropa çempionatında böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Qalib Əliyev (55 kq), Bəxtiyar İsrafilli (66 kq), Pərviz Axundov (84 kq) və Əli Maqomedibirov (120 kq) mübarizəyə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti