...

Azərbaycan avarçəkənləri Avropa çempionatının finalına vəsiqə qazanıblar

İdman Materials 13 İyul 2012 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

İyulun 12-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Çempionatın ilk iki günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təmsilçilərimizdən 2-si finala vəsiqə qazanıb.

Bunlar 1 nəfərlik qayıqla müvafiq olaraq, yeniyetmələr və 23 yaşadək kanoeçilər arasında 500 metr məsafəyə yürüşlərə qatılan Aleksey Kupin və Andrey Kraytordur.

Kupin seçmə yürüşdə finişə 2 dəqiqə 1,934 saniyəyə 1-ci, Kraytor isə 2 dəqiqə 0,707 saniyəyə 3-cü çatıb. Bu nəticələrlə hər iki kanoeçimiz birbaşa əsas finala vəsiqəni təmin edib. Kupin həlledici mərhələdə iyulun 15-də Bakı vaxtı ilə saat 13:39-da, Kraytor isə həmin gün saat 17:09-da iştirak edəcək.

Digər yürüşlərə gəldikdə, yeniyetmə kanoeçimiz Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşdə finişə 4 dəqiqə 15,893 saniyəyə çataraq, öz yarımqrupunda 6-cı yeri tutub. Bu nəticə ilə kanoeçimiz yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, finişə 4 dəqiqə 38,408 saniyəyə çataraq, 5-ci olub. Kanoeçimiz ilk "3-lüy"ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb.

Yeniyetmə kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 55,406 saniyə nəticə ilə 5-ci olub. O, yarımfinalda 1 dəqiqə 45,643 saniyə nəticə ilə 4-cü yeri tutub. Mustafayevin finala vəsiqə verən ilk "3-lüy"ə düşməsinə 0,218 saniyə çatmayıb. Kayakçımız iyulun 15-də saat 12:55-də B finalında (10-18-ci yerlər uğrunda) çıxış edəcək.

Yeniyetmə kayakçılarımızdan ibarət Tamerlan Mustafayev - Aleksandr Piçugin - Amil Hüseynli - Yasin Əhmədov kvarteti 4 nəfərlik qayıqla (K-4) 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 29,952 saniyə nəticə ilə 6-cı yeri tutub. Yarımfinal yürüşündə isə onlar 3 dəqiqə 34,250 saniyə nəticə göstərərək, 8-ci yeri tutublar və əsas finala vəsiqə qazana bilməyiblər. Kvartetimiz iyulun 14-də saat 18:04-də B finalında mübarizə aparacaq.

23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 2 dəqiqə 1,618 saniyə nəticə ilə 7-ci olub. O, yarımfinalda finişə 1 dəqiqə 43,690 saniyəyə çataraq, 6-cı yeri tutub və əsas finaldan kənarda qalıb. Cavadov iyulun 15-də saat 16:30-da B finalında çıxış edəcək.

Bu gün Bakı vaxtı ilə saat 20:00-dan etibarən 200 metr məsafəyə yürüşlərə start veriləcək. Əvvəlcə yeniyetmə kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1), saat 20:20-də kanoeçimiz Mikita Sablin 1 nəfərlik qayıqla (C-1), saat 20:55-də 23 yaşadək kayakçılar arasında Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1), saat 21:05-də 23 yaşadək kanoeçilər arasında Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1), saat 21:50-də isə yeniyetmə kayakçılarımızdan ibarət Amil Hüseynli - Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) seçmə yürüşlərdə iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti