Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Noyabrın 11-də 13-15 yaşlı oğlanlardan ibarət otüstü hokkey komandaları Azərbaycan birinciliyinin final mərhələsinin startına çıxacaqlar.
Otüstü Hokkey Federasiyasından Trend-ə veriıən məlumata görə, yarışın həlledici mərhələsinə qədər cənub bölgəsindən 4 komanda Masallı Olimpiya-İdman Kompleksinin stadionunda dairəvi sistemlə 2 ən güclünü aşkar edib. Cəlilabad hokkeyçiləri keçirdikləri 3 oyunun hamısında qələbə qazanaraq I yeri tutublar. Masallının "Olimp" komandası isə "Xəzər" (Lənkəran) və "Astara" üzərindəki qələbədən sonra 6 xalla II yerə layiq görülərək Bakıda yarışmaq hüququna sahib olub.
Final mərhələsinə qədər "Gəncə" və "Şəki" komandaları da "pley-off"da qarşılaşaraq ən güclünü aşkar ediblər. Həmin oyunda Şəki hokkeyçiləri rəqibini 4:0 hesabı ilə məğlubiyyətə uğradaraq final mərhələsinə vəsiqə qazanıblar. Yekunda ölkəmizin müxtəlif şəhər və rayonlarından 8 klub 2 yarımqrupda mübarizə aparmaq hüququ əldə edib.
"A" yarımqrupunda "Atasport" (Binə), "Olimp", "Şəki" və "Sumqayıt-2", "B" yarımqrupunda isə "Sumqayıt-1", "Göytəpə" (Cəlilabad), "Şəmkir" və "Təhsil" (Bakı) komandaları dairəvi sistemlə qrup qaliblərini müəyyən edəcəklər.
Qrupların qalibləri noyabrın 14-də keçiriləcək final görüşündə qızıl medallar, 2-cilər bürünc mükafatlar, 3-cü yerləri tutanlar V, qrup sonuncuları isə "pley-off" oyunlarında VII yer uğrunda yarışacaqlar. Yekunda qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunacaqlar. Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılacaq.