Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Bakı Otüstü Hokkey Kompleksində 13-15 yaşlı oğlanlardan ibarət otüstü hokkey komandaları arasında Azərbaycan birinciliyi başa çatıb.
Otüstü Hokkey Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün - yarışın sonuncu günü iştirakçılar qruplarda tutduqları yerlərə müvafiq olaraq "pley-off"da qarşılaşıblar. İlk olaraq meydana 4-cü yeri tutanlar - "Sumqayıt-2" və "Şəmkir" komandaları çıxıb. Görüşdə 3:2 hesabı ilə qələbə qazanan sumqayıtlılar yekunda VII yerə layiq görülüblər. V yer uğrunda "Olimp" (Masallı) və "Təhsil" (Bakı) klubları görüşüblər. Oyun 5:2 hesabı ilə paytaxt hokkeyçilərinin xeyrinə qurtarıb.
Ölkə birinciliyinin "bürünc" mükafatları uğrunda qruplarda 2-ci yerləri tutan "Atasport" (Binə) və "Göytəpə" (Cəlilabad) komandaları mübarizə aparıblar. Gərgin və maraqlı keçən qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə başa çatdığından qalib penalti seriyasından sonra müəyyənləşib. Bu imkandan daha yaxşı istifadə edən "Atasport" 1 top fərqlə qalib gələrək "bürünc" medallara layiq görülüb.
Yeniyetmə oğlan hokkeyçilər arasında ölkə birinciliyinin qalibi isə "Sumqayıt-1" - "Şəki" matçında aşkar olunub. Sumqayıtlılar final görüşündə də rəqibini böyük hesabla (10:0) məğlub edərək "qızıl" medallara sahib olublar. Qalib komanda fəxri kubok və qiymətli hədiyyələr, ilk 3 yeri tutanlar isə müvafiq olaraq medal və Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunublar.
Müxtəlif nominasiyalar üzrə fərqlənən 3 ən yaxşı hokkeyçi də qiymətli hədiyyələrlə mükafatlandırılıb. "Atasport" komandasının üzvü Elxan Hüseynzadə "Ən yaxşı oyunçu", İlkin Rəsulzadə ("Şəki") "Ən yaxşı qapıçı", Kənan Cabbarov ("Sumqayıt-1") isə ölkə birinciliyinin "Ən sərrast hücumçusu" (21 qol) adına layiq görülüblər.