Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Beynəlxalq Hokkey Federasiyası mötəbər yarışların keçirilməsi sistemində dəyişikliklər edib. Belə ki, 2016-cı il Braziliyanın Rio-de-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunlarında və iki ildən bir keçirilən növbəti dünya çempionatlarında iştirak etmək qaydaları yenilənib.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, bir sıra idman növlərində olduğu kimi, otüstü hokkeydə də qeyd edilən məsul yarışlara seçim "Dünya Hokkey Liqası" adı altında ilk dəfə təşkil olunan turnir vasitəsilə həyata keçiriləcək. Odur ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandalarının mötəbər yarışlara qoşulması məhz qeyd olunan turnir vasitəsilə reallaşa bilər.
Planetin reytinq cədvəlində 38-ci yeri tutan kişilərdən ibarət yığmamız Dünya Hokkey Liqasının I mərhələsindən mübarizəyə başlayacaq. Həmin yarış bu ilin 27 noyabr - 2 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçiriləcək. Komandamız qarşıdakı turnirdə uğurlu çıxış edərək II mərhələyə vəsiqə qazanmaq üçün Bakıda son məşqlərini keçirir və noyabrın 24-də Qətərin paytaxtına yola düşəcək. Yarışda əvvəlcədən 8 ölkə hokkeyçilərinin 2 qrupda mübarizə aparacağı planlaşdırılsa da, son anda onların sayı 5-ə enib və iştirakçılar dairəvi sistemlə ən güclünü aşkar edəcəklər.
Azərbaycan komandası təqvim üzrə ilk oyununu noyabrın 27-də meydan sahiblərinə - Qətər idmançılarına qarşı keçirəcək. Ertəsi gün hokkeyçilərimizin rəqibi Türkiyə yığması olacaq. Millimiz dekabrın 1-də Oman təmsilçiləri ilə qarşılaşacaq. Dekabrın 2-də - yarışın son günü isə həmyerlilərimiz Şri Lanka yığması ilə görüşəcək.
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası isə planetin reytinq sıralamasında 16-cı yeri tutduğuna görə 2013-cü il yanvarın 21-dən 28-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin II mərhələsində mübarizə aparacaq.