...

Azərbaycanın futbol çempionatında azarkeş sayı azalıb

İdman Materials 30 Dekabr 2012 13:49 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının 18-ci turundan sonra yarışda qış fasiləsi yaranıb. Qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma – “Simurq” - “Rəvan” matçının nəticəsi ləğv olunub.
Azərbaycanın futbol çempionatında azarkeş sayı azalıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycan Premyer Liqasının 18-ci turundan sonra yarışda qış fasiləsi yaranıb. Qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Daha 1 qarşılaşma - "Simurq" - "Rəvan" matçının nəticəsi ləğv olunub. Bir sözlə, mövsümün ilk bölümü 105 matçla tamamlanıb.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bu müddətdə baş tutan 105 görüşdə 214.470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin olması anlamına gəlir.

Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.

Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan "Böyük oyun"da qeydə alınıb. 17-ci turun "Xəzər Lənkəran"la "Neftçi" (14.12.2012) arasında qarşılaşmanı 9500 nəfər izləyib.

Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub - 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. 9-cu turun "Qarabağ" - "Bakı" (20.10.2012) və 18-ci turun "Sumqayıt" - "Kəpəz" (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və "Bayıl Arena"da baş tutub.

Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə "Xəzər Lənkəran" ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən "Qarabağ" isə cədvəlin aşağı pillələrindədir.

Komandaların səfər oyunlarına gəlincə isə "Qarabağ" ilk pillədə yer alıb. Bu komandanın rəqiblərinin azarkeşləri Ağdam təmsilçisinə marağı böyükdür.

Premyer Liqanın 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da "Böyük oyun"dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız "AZAL Arena"nın ümumi azarkeş sayı "Böyük oyun"dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti