Azərbaycan, Bakı, 28 fevral /Trend/
Bu ilin iyul ayında Fransanın Kabrai şəhərində keçiriləcək Avropa çempionatı-2 yarışında mübarizə aparacaq ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının rəqibləri aşkar olunub.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, iki ildən bir keçirilən qitə çempionatının ikinci səkkizliyində çıxış edən yığmamız iyulun 21-dən 28-dək "A" qrupunda Ukrayna, Fransa və Litva hokkeyçiləri ilə yenidən yüksək dəstəyə çıxmaq uğrunda yarışacaq. Digər qrupa isə İtaliya, Rusiya, Polşa və Avstriya təmsilçiləri daxildirlər.
Xatırladaq ki, qitənin 8 ən güclüsü sırasında yarışan milli komandamız 2011-ci ilin avqust ayında koreyalı məşqçilər korpusunun rəhbərliyi altında Almaniyada keçirilən Avropa çempionatında ümumi hesabda VII yeri tutaraq güçlülər dəstəsini tərk etmək məcburiyyətində qaldı. Hazırda koreyalı məşqçilər və oyunçulardan imtina edən millimiz baş məşqçi Adil Paşayevin rəhbərliyi ilə növbəti qitə çempionatına hazırlaşır. Komandamızın heyətinin əksəriyyətini isə yerli gənc hokkeyçilər təşkil edir.
Fevralın 25-dən martın 19-dək yığmamız Bakıda təlim-məşq toplanışına başlayıb. Paytaxtdakı toplantıdan sonra yığmamız ikitərəfli razılığa əsasən Almaniyada yerli hokkeyçilərlə məşqlərdə və yoxlama oyunlarında iştirak etmək üçün həmin ölkəyə gedəcək.
Qeyd edək ki, Avropa çempionatında millimiz ilk oyununu iyulun 22-də meydan sahibləri - Fransa hokkeyçilərinə qarşı keçirəcək. İki gün sonra həmyerlilərimiz Ukrayna hokkeyçiləri ilə qarşılaşacaq. Qrup mərhələsində sonuncu oyun isə iyulun 25-də Litva təmsilçilərinə qarşı keçiriləcək. Bir günlük istirahətdən sonra qitə çempionatının iştirakçıları "play-off" oyunlarında görüşəcəklər. Əvvəlcə qruplarda 4-cü yeri tutanlar, ardınca qrup üçüncüləri qarşılaşacaq. Sonra "A" qrupunun 2-cisi "B" qrupunun qalibi ilə, daha sonra "A" qrupunda 1-ci nəticə göstərən komanda ilə "B" qrupunun 2-cisi mübarizə aparacaqlar. Çempionatın sonuncu günü - iyulun 28-də A4-B3, A3-B4, sonra bir gün əvvəl "çarpaz" üsulla qarşılaşan cütlərin oyununda məğlub olanlar 3-cü yer uğrunda, qalib gələrək Avropanın ən güclü 8 komandası sırasına vəsiqə qazananlar isə formal xarakter daşıyan baş mükafat uğrunda mübarizə aparacaqlar.