Azərbaycan, Qəbələ, 3 may /Trend, müxbir C.Ələkbərov/
Ukraynanın "ISD Continental" komandasının üzvü Vitali Popkov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr edilmiş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun üçüncü mərhələsinin qalibi olub.
Trend-in məlumatına görə, velosiped turunun üçüncü mərhələsi Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin binası qarşısından start götürən velosipedçilər marşrut üzrə ümumi uzunluğu 165 kilometr olan məsafəni qət ediblər.
Belçikanın "Letto Belisol U23" komandasının üzvü Stiq Bruks ikinci, "Synergy Baku Cycling Project" komandasının velosipedçisi Kristof Şvaytser isə üçüncü olub. Şvaytser yenidən sprinterlərin yürüşünə başçılıq edib.
İlk iki mərhələnin nəticələri üzrə ümumi hesabata və sprinterlərin yürüşünə "Torku Shekerspor" komandasının iştirakçısı Sergey Qreçin başçılıq edirdi.