Azərbaycan, Bakı, 6 iyun /Trend/
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu il iyulun 22-dən 28-dək Fransada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi ilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin başçılığı altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir. Bu məqsədlə millimiz iyunun 4-də təlim-məşq toplanışı və yerli hokkeyçilərlə bir-neçə yoxlama oyunu keçirmək üçün İtaliyaya yola düşüb.
Həmyerlilərimiz Romada həmin ölkənin milli komandası ilə ilk yoldaşlıq oyununda qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu rəqib qapısından penalti zərbəsi ilə Xatirə Əliyeva keçirib. Qadın hokkeyçilərimiz növbəti sınaq görüşlərini iyunun 7-də və 8-də keçirəcəklər. İyunun 10-da isə həmyerlilərimiz İtaliyanın gənc qızlardan ibarət seçmə komandası ilə qarşılaşacaq.
Xatırladaq ki, İtaliya yığması da Avropa çempionatının "Trofi" yarışında iştirak edəcək və o da yüksək dəstəyə çıxmaq üçün çalışacaq. Qarşıdakı məsul yarışda millimizin "A" qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaq. "B" qrupuna daxil olan italiyalılar isə Rusiya, Polşa və Avstriya hokkeyçiləri ilə yarışacaqlar.
Yığmamız Avropa çempionatına hazırlıq çərçivəsində son təlim-məşq toplanışını və yoxlama oyunlarını iyunun 28-dən iyulun 2-dək Polşada yerli hokkeyçilərlə keçirəcək.