Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/
Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.
Klubdan Trend-ə bildiriblər ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib. Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
"Neftçi" sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
Qeyd edək ki, "Neftçi" UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində cavab oyununda Albaniyanın "Skenderbeu" klubuna minimal hesabla məğlub olaraq turnirdə mübarizəni dayandırıb. "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bu oyundan öncə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, rəhbərlik etdiyi klub növbəti mərhələni keçməyəcəyi halda vəzifəsindən istefa verəcək.