Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Məktəblilərin payız tətili günləri 1998-2000-ci il təvəllüdlü oğlan hokkeyçilər Bakının açıq birinciliyində mübarizə aparacaqlar.
Trend-in Azərbaycan Otüstü Hokkey Federasiyasının saytına istinadən verdiyi məlumata görə, ənənəvi keçirilən bu yarışda Bakı və Sumqayıt şəhərlərinin 4 komandası dairəvi sistemlə qalibi müəyyənləşdirəcək.
Noyabrın 12-də ilk turda Bakının "Təhsil" və "Atasport-Binə", ikinci oyunda isə Sumqayıtın eyni adlı komandası ilə UGİM qarşılaşacaq. Bakının açıq birinciliyinə noyabrın 16-da yekun vurulacaq. İlk 3 yeri tutan iştirakçılara Bakı şəhər Gənclər və İdman Baş idarəsinin diplom və hədiyyələri təqdim olunacaq.
Bu yarış 2014-cü ilin iyul ayında Litvada keçiriləcək Avropa birinciliyində mübarizəyə qoşulacaq Azərbaycan hokkeyçiləri üçün heyəti müəyyənləşdirmək üçün seçim xarakteri daşıyacaq.